• 23 Aprel 2024
logo
IATA: Yükdaşımalara tələbat pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

IATA: Yükdaşımalara tələbat pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

Bu ilin yanvar ayında hava nəqliyyatı ilə qlobal yükdaşımalara tələbat 2019-cu ilin yanvar ayına nisbətən 1,1% artıb ki, bu da pandemiya öncəsi səviyyələrə qayıtdığını göstərir.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında deyilir.

IATA bildirir ki, COVID-19 pandemiyası səbəbindən 2021-ci və 2020-ci illər arasındakı tələbat üzrə göstəricilərin müqayisəsi təhrif olub. Obyektiv məlumat əldə etmək üçün cari ilin yanvar ayını 2019-cu ilin yanvar ayı ilə müqayisə etmək lazımdır.

IATA-nın məlumatlarına görə, hava nəqliyyatı ilə yükdaşımalarda ən əhəmiyyətli artım Afrikada qeydə alınıb – 21,1%. Şimali Amerikada artım 11,7%, Yaxın Şərqdə isə 6% artıb.

Latın Amerikasında isə əksinə, yükdaşımalar 14,2% azalıb. Asiya-Sakit okean bölgəsində tələbat 6,8%, Avropada isə 0,4% azalıb.

Lakin bu ilin yanvar ayı ilə ötən ilin yanvar ayını müqayisə etdikdə dünyada yük trafikinin 6,1% artığını görmək olar.

Xatırladaq ki, cari ilin yanvarında Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar ötən ilin analoji dövrü ilə müqayisədə 96% artaraq 44,3 min tona çatıb.