• 25 Aprel 2024
logo
KİV: Fevralda "OPEC+" razılaşması 121% yerinə yetirilib

KİV: Fevralda "OPEC+" razılaşması 121% yerinə yetirilib

Bu ilin fevral ayında "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) 121% yerinə yetirilib.

Bu barədə "APA-Economics" "Reuters"in araşdırmasına istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvarında "OPEC+" razılaşması 103% yerinə yetirilmişdi.

"Commerzbank"ın analitiki Yogen Vaynberqın (Eugen Weinberg) sözlərinə görə, indiyə qədər alyans üzvləri iş birliklərini davam etdirir və hasilatın azaldılması prosesini nümunəvi bir şəkildə yerinə yetirirlər: "İnanırıq ki, yüksək qiymətlər "OPEC+"u gündəlik neft hasilatını 500 min barel artırmağa və eyni zamanda Səudiyyə Ərəbistanının əlavə istehsal azaldılmasından imtina etməyə sövq edəcək".

Xatırladaq ki, 2020-ci il 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edirdi. 2020-ci ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq Azərbaycan tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında Azərbaycan üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib. 2021-ci ilin 5 yanvar tarixində "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.