• 19 Aprel 2024
logo
Dünya bazarında qaza təlabatın artması Azərbaycana yaxşı perspektivlər vəd edir

Dünya bazarında qaza təlabatın artması Azərbaycana yaxşı perspektivlər vəd edir

Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Təbii qaz kömür və neftdən daha təmiz yanacaq kimi seçilsə də, keçən il qaz qiymətlərinin enməsi və yeni növ koronavirus epidemiyası səbəbindən ekoloji təmiz hava barədə məlumatlılığının artması təbii qaza öz müsbət dəstəyini artıracaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq. 2019-cu ildə 2 faiz olan bərpaolunan enerji mənbələrinin payı isə 2050-ci ildə 10 faizə yüksələcək.
2050-ci ilədək qlobal təbii qaz tələbatı 50 faiz artaraq ildə 6 trilyon kubmetrə yüksələcək. 2021-ci ildən qlobal təbii qaz tələbatının artacağı gözlənilir. Bu il qlobal qaz tələbatı keçən ilə nisbətən 110 milyard kubmetr artacaq. Qaz tələbatında cari ildə 2,8 faiz artım gözlənilsə də, iqtisadi artımla bağlı qeyri-müəyyənliklər səbəbindən təbii qaz bazarı hələ də kövrəkdir. Xüsusilə 2020-ci ilin dekabr ayından etibarən soyuq hava şəraitinin təsiri ilə təbii qaza olan tələbat artmağa başlayıb. İlin əvvəlində Asiya və Avropada havaların soyuq keçməsi və azalan qaz ehtiyatları səbəbindən təbii qaz qiymətləri yüksəlib. Belə ki, Asiya bazarında maye qaz (LNG) qiymətləri 2011-ci ildə baş verən Fukuşima nüvə qəzasından sonra ən yüksək səviyyəyə çatıb. Buna baxmayaraq, tələbatdakı artımın qısamüddətli olacağı və qlobal qaz bazarındakı qeyri-müəyyənliklərin tələbata təsir göstərməkdə davam edəcəyi gözlənilir. Qlobal təbii qaz tələbatının bu il 2020-ci ilə nisbətən 2,8 faiz (110 milyard kubmetr) artaraq 4,02 trilyon kubmetr olacağı proqnozlaşdırılır. Gözlənilən tələbat artımı 2009-cu il maliyyə böhranından sonra 2010-cu ildə yaşanan 7,5 faizlik artımdan xeyli aşağıdadır. Afrika, Asiya, Cənubi Amerika və Yaxın Şərqdəki inkişaf etməkdə olan bazarların builki qaz tələbatında əsas rol oynayacağı və artımda 70 faizlik paya sahib olacağı proqnozlaşdırılır.
Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal qaz tələbatının 2024-cü ilə qədər hər il 1,6% artacağını proqnozlaşdırır. Bu tələbatın 40%-dən çoxu Çinin payına düşəcək ki, bu da Çin hökumətinin havanın keyfiyyətinin yaxşılaşdırılması hədəfi ilə bağlıdır. Ortamüddətli perspektivdə Asiya-Sakit okean regionu istehlakın artmasına görə birinci yeri qoruyub saxlayacaq. Bu göstərici üzrə orta illik artım 4% təşkil edəcəyi gözlənilir. Dünya qaz istehlakının 60%-i məhz bu regionun payına düşəcək. Qlobal qaz tələbatının artması agentlik tərəfindən ABŞ, Yaxın Şərq və Şimali Afrikada istehlakın artması ilə də əlaqələndirilir. Avropada isə qaz istehlakının artması birbaşa kömür şaxtalarının və atom elektrik stansiyalarının bağlanması ilə əlaqədardır. Sənaye qaz istehlakının artması lokomotivi olaraq qalacaq. Sənayedə qazın həm yanacaq, həm də xammal kimi istifadəsi orta hesabla ildə 3% artaraq 2024-cü ilədək dünyada olan qaz istehlakının 46%-lik artımını təmin edəcək. Buna baxmayaraq, elektrik enerji sektoru ən böyük qaz istehlakçısı kimi olaraq qalacaq. Bu sektorun payına 2024-cü il üçün ümumi tələbatın 40%-i düşəcək.
Bütün bunlar isə yaxın illərdə qaz hasilatını və ixracını daha da artırmaqla Avropa bazarına daha çox mavi yanacaq satmaq strategiyası həyata keçirən Azərbaycan üçün yaxşı perspektivlər vəd edir. Artıq TAP vasitəsilə kommersiya qazının Avropaya nəqlinə başlanılıb. İtaliyaya gündəlik 10,5 milyon kubmetr, Yunanıstana 2 milyon kubmetr, Bolqarıstana isə 1 milyon kubmetr qaz ixrac edilir. 2020-ci ildə Azərbaycanda neft hasilatının 8,2 faiz azalması fonunda qaz hasilatı artaraq 36,7 milyard kub metr təşkil edib. Hatta qaz ixracı 16,9 faiz artaraq 13,8 milyard kubmetr təşkil edib. Bu artımın əsas səbəbi Cənub Qaz Dəhlizi olub. Yaxın illərdə Azərbaycan illik qaz istehsalını 50 milyard kubmetrə, ixracı isə 16-20 milyard kubmetrə çatdırmağı planlaşdırır. “Şahdəniz”dən ilk hasilat başlandığı dövrdən indiyədək yataqdan 135 milyard kubmetr təbii qaz hasil olunub. “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur. “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz verilir. Ötən il “Şahdəniz” üzrə fəaliyyətlərə 1 milyard dollardan çox əməliyyat və 942 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub (“Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz).
2021-ci ildə “Şahdəniz”dən 21,3 milyard kubmetr təbii qaz və 32,5 milyon barrel kondensat çıxarılması gözlənilir. Ötən il bu göstəricilər müvafiq olaraq 18,4 milyard kubmetr və 29,2 milyon barrel olub. Bununla yanaşı, 2021-ci ildə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində SOCAR-a və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən “Şahdəniz” layihəsi üzrə 4,5 milyon ABŞ dolları və ya 7 milyon 650 min manat məbləğində bonus ödənişləri proqnozlaşdırılır.
Bir sözlə, Azərbaycanda qaz hasilatına sərmayələr artırılır ki, yaxın gələcəkdə həm istehsal, həm də ixrac həcmləri çoxalsın. Bunu üçün artıq qaz ixracı infrastrukturu, Avropaya qədər uzanan ixrac kəmərləri də tikilib. Hətta TAP-ın gələcəkdə genişlənməsi və kəmərin illik ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün bu ilin yayında bazar araşdırmasının ikinci mərhələsinə başlanacaq. Bunlarla yanaşı, dünya bazarında qaza olan təlabatın artacağı ilə bağlı nikbin proqnozlar da ölkəmiz üçün bu sahədə yüksək gəlirlər vəd edir...
Mahir Həmzəoğlu