• 25 Aprel 2024
logo
Gələn ilin dövlət büdcəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanıb

Gələn ilin dövlət büdcəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanıb

Dövlət büdcəsini müzakirə edən bəzi ekspertlər bugünədək deyirdilər ki, Azərbaycanda tam əlçatan olmayan yeganə büdcə sənədi büdcə öncəsi verilən bəyanatdır. İndi isə Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsinin büdcə öncəsi ilkin göstəricilərini (bəyanatı) açıqlayıb.
Belə ki, növbəti il və orta müddətli dövr üçün icmal və dövlət büdcəsinin əsas göstəricilərinin ictimaiyyətə mütərəqqi beynəlxalq praktikaya uyğun açıqlanmasının təşkili məqsədi ilə Maliyyə Nazirliyi tərəfindən ilk dəfə olaraq “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlanıb. Sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları əhatə etməkdədir. İctimaiyyət üçün əlçatanlığın təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Özü də büdcə öncəsi sənəd büdcə layihəsi parlamentə təqdim edilməmişdən ən azı 1 ay öncə açıqlandı. Bu, mütərəqqi beynəlxalq praktikaya uyğun olmaqla Açıq Büdcə indeksinin qaydalarına da cavab verir.
Bu sənədin missiyası ondan ibarətdir ki, ölkədə büdcə öncəsi debatlar aparılsın, təkliflər dəyərləndirilsin və lazım gələrsə, büdcə layihəsində öz əksini tapsın.
Maliyyə Nazirliyinin 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasını nəzərdən keçirdikdən sonra əminliklə demək olar ki, gələn ilin dövlət büdcəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanıb. Əvvəla, ona görə ki, 2020-ci ildə icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsaslanır. 2019-cu ildə olduğu kimi, 2020-ci il və orta müddətli dövrdə də icmal büdcə xərclərinin yuxarı həddi bu qaydaya uyğun olaraq müəyyən ediləcək.
2020-ci ilin dövlət büdcəsinin gəlirləri qeyri-neft yığımları hesabına artacaq
Eyni zamanda, qlobal enerji qiymətlərinin volatilliyi fonunda iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması hədəflərinə uyğun olaraq, büdcənin qeyri-neft gəlirlərinin artırılması orta müddətli dövrdə gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaqdır. Bu əsasda, kölgə iqtisadiyyatının, qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılması və şəffaflığın artırılması istiqamətində tədbirlər davam etdiriləcək, vergitutma bazası genişləndiriləcək, eyni zamanda, gömrük sahəsində aparılan islahatlar büdcədə həm vergi, həm də gömrük daxilolmalarının artımını təmin edəcəkdir. Bu baxımdan, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri qeyri-neft yığımları hesabına artacaq.