• 19 Oktyabr 2019
logo
add image
AQTA maarifləndirir - Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?

AQTA maarifləndirir - Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.
Trend-in məlumatına görə, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?” mövzusunda olacaq.
Marketlərdə, bazarlarda qida məhsulları alarkən seçərkən öncə məhsulun üzərindəki məlumatlara, qablaşdırmaya və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Qablaşdırma tam şəkildə olmalı, üzərində deşik, kəsik olmamalıdır. Gözəl görüntülü, rəngli rəsmlərlə bəzədilmiş qablaşdırma Sizi çaşdırmamalıdır. Mütləq məhsulun üzərində tərkibi haqqında informasiya verən mətnə diqqət yetirin. Burada məhsulun enerji dəyəri, istehsal və son istifadə tarixi, çəkisi, saxlanma temperaturu və şəraiti, istehsalçı müəssisənin adı, ünvanı və s. kimi vacib məlumatlar öz əksini tapır. Məlumatların əcnəbi dillərlə yanaşı, Azərbaycan dilində də olması vacibdir.
Qida məhsullarını seçərkən mal qonşuluğu prinsipinə əməl edilməsinə diqqət yetirin. Mal qonşuluğunun başlıca şərti məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitlərdə saxlamaqdır. Qida məhsullarını kimyəvi tərkibli, kəskin qoxulu qeyri-qida məhsulları ilə eyni paketə yerləşdirməyin. Aldığınız məhsulları paketə qoyarkən donmuş və soyuq qidaları ən alt hissədən yerləşdirin. Əzilməyə, sınmağa həssas (yumurta, göyərti və s.) olan qida məhsullarını paketin ən üst hissəsinə qoyun. Alış-veriş etdiyiniz mağazada məhsullarınızı torbaya yığmağa Sizə kömək edən işçinin də eyni qaydaya riayət etməsinə nəzarət edin. Qablaşdırılmamış, açıq şəraitdə və çəki ilə satılan məhsulun çirklənməyə məruz qalması ehtimalı böyükdür. Belə məhsulları alarkən üzərində xüsusi örtücü vasitələrin olmasına diqqət yetirin.
Uşaqlar əhalinin həssas yaş qrupuna aid olduğundan uşaq qidaları alarkən xüsusilə, diqqətli olun. Bu qidaları seçərkən məhsulun yararlılıq müddətini, hansı yaş qrupuna aid olmasına dair təlimatı, mənşəyi və tərkibi haqqında olan məlumatları oxuyun.
Qablaşdırmanın üzərindəki göstərilən son istifadə tarixini diqqətlə yoxlayın. Sizdə həmin tarixin süni müdaxilə vasitəsilə yazılması, dəyişdirilməsi barədə şübhə yaranarsa, o məhsulu almayın və bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə məlumat verin.
Qida məhsulunun istifadə tarixi onun uyğun şəraitdə saxlanacağı nəzərə alınaraq təyin edilir. Vaxtı bitmiş, saxlanması müvafiq texniki şərtlərə cavab verməyən məhsulları almayın. Məhsul alarkən onun saxlanıldığı soyuducunun temperatur göstəricilərinə diqqət edin. Hər məhsulun aid olduğu kateqoriyaya uyğun olaraq öz saxlanma temperaturu var. Piştaxtaların ön cərgəsində yerləşən, endirimdə olan qida məhsullarının yoxlanılmasına xüsusi diqqət yetirin.
Qida məhsulunu seçərkən diqqət yetirilməsi lazım olan əsas məsələlərdən biri də onun kalorililiyidir. Bildiyimiz kimi, orqanizmin ehtiyacı olduğundan artıq kalori qəbul edilməsi kökəlməyə səbəb olur. Bu da sağlamlığımızla bağlı digər problemlərə yol açır. Buna görə də hər kəs fərdi olaraq gündəlik kalori normasını bilməli, qida məhsullarını alarkən bunu nəzərə almalıdır.
Unutmayın ki, “nə qədər bahalıdırsa, o qədər yaxşıdır” prinsipi ilə məhsul seçmək hər zaman özünü doğrultmur. Məhsulun satış qiymətinə onun nəqliyyat xərci, populyar brendə məxsusluğu, istehsalçı və ya satıcı tərəfindən süni şəkildə qiymətinin artırılması kimi digər faktorlar da təsir edir. Yuxarıda sadalanan faktorlara riayət etməklə qida təhlükəsizliyimizi möhkəmləndirə və həyatımızı daha sağlam şəkildə yaşaya bilərik.