• 20 Aprel 2024
logo
Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA

Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA

Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizindəki “Dostluq” yatağında karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşmanın olması Orta Asiyanın enerji resurslarının Avropa bazarına çıxışının təmin olunması üçün Transxəzər boru kəmərinin tikintisinin reallaşdırılmasını da yenidən gündəmə gətirir.

Trend-in məlumatına görə, bunu AMEA Rəyasət Heyətinin Elmi katibi Coşqun Məmmədov deyib.

Onun sözlərinə görə, bu, bölgənin enerji xəritəsində yeni ciddi dəyişikliklərə, böyük investisiya axınına, region ölkələrinin iqtisadi durumunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə insanların həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Bu baxımdan “Dostluq” yatağı nəinki Azərbaycan və Türkmənistanın, ümumilikdə bölgənin gələcək inkişafı üçün böyük perspektivlər vəd edir.

C.Məmmədov qeyd edib ki, memorandum tarixi, etnik-dini ənənələrə, ortaq köklərə malik iki qardaş ölkə arasında Xəzər dənizində energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığa dair birgə layihələrin təşkili baxımından yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, gələcək perspektivdə iki ölkə arasında iqtisadi-siyasi və mədəni münasibətlərin daha da genişlənməsi və inkişaf etdirilməsinə ciddi töhfə verəcəkdir:

"Anlaşma Memorandumu tarixi hadisə olmaqla yanaşı, iqtisadi cəhətdən də böyük əhəmiyyət daşıyır. Belə ki, “Dostluq” yatağı kifayət qədər böyük enerji resurslarına malikdir. İlkin qiymətləndirmələrə görə, yataqda təqribən 60 milyon ton neft, 100 milyard kubmetr təbii qaz ehtiyatları mövcuddur. İqtisadi dəyərləndirmələrə əsasən, geniş və əhatəli kəşfiyyat işlərindən sonra bu göstəricilərin bir qədər də artacağı ehtimal edilir. Bu isə hər iki ölkənin büdcə gəlirlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olacaqdır".

C.Məmmədov əlavə edib ki, yatağın ikitərəfli əməkdaşlıq əsasında birgə istismarı ölkəmizin həm kommersiya, həm də texniki cəhətdən cəlbediciliyini də artırır. Belə ki, Xəzər dənizində mövcud neft və qaz yataqlarının hasilatı və nəqli üçün yaradılmış müasir kommunikasiya xətləri, lazımi çoxfunksiyalı infrastruktur “Dostluq” yatağından hasil olunacaq enerji məhsullarının da Azərbaycan vasitəsilə tranzit yolu ilə dünya bazarlarına daşınması üçün münbit şərait yaradacaqdır.

Həmçinin hazırda Azərbaycan Cənub Qaz Dəhlizini (SGC) təşkil edən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) və bu yaxınlarda tikintisi başa çatdırılmış Trans Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Avropa bazarlarına təbii qaz tədarük edir:

"Bütün bunları nəzərə alsaq, yaxın gələcəkdə Türkmənistan qazı və neftinin də Azərbaycan üzərindən beynəlxalq neft və qaz kəmərləri vasitəsilə Avropaya nəqli gerçəkləşə bilər.

İndiyədək öz enerji resurslarının ixracını Rusiya, İran və Çin üzərindən həyata keçirən Türkmənistan üçün bu cür alternativ və iqtisadi cəhətdən sərfəli ixrac marşrutu cəlbedici xüsusiyyətə malikdir.

Bu, eyni zamanda, Türkmənistanla bərabər, digər Mərkəzi Asiya dövlətlərinin, xüsusilə Qazaxıstan və Özbəkistanın öz enerji ixracının şaxələndirilməsi üçün çox əhəmiyyətlidir. Azərbaycan isə nəqliyyat-tranzit ölkə kimi öz önəmini artırmaqla geosiyasi mövqeyini daha da möhkəmləndirmiş olacaq".