• 5 Mart 2021
logo
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR

"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR

"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsidir.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, "Dostluq" Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən yatağın yeni adıdır:

"Azərbaycanda bu yataq əvvəllər "Kəpəz", Türkmənistanda isə "Sərdar" adlanırdı. Yatağın birgə işlənməsi ilə bağlı danışıqlar əvvəllər aparılıb. İndi isə bu, iki ölkənin nümayəndələrinin imzaladığı memorandum formasında öz əksini tapıb".

İ.Əhmədov bildirib ki, sovet dövründə azərbaycanlı mütəxəssislər burada kəşfiyyat işləri aparıb:

"Bu, neft-qaz yatağıdır, yatağın təxmin olunan ehtiyatı onu "Qarabağ" kimi yataqlarla eyni sıraya qoymağa imkan verir. Ehtiyatlar müasir seysmik kəşfiyyat üsulları ilə dəqiqləşdiriləcək. Memorandum yatağın birgə işlənməsi yolunda atılan ilk addımdır. Bu, həm də Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsidir. Bu baxımdan birgə layihənin yeni adı - "Dostluq" rəmzi xarakter daşıyır".

O əlavə edib ki, Azərbaycan bu yatağın kəşf olunması ilə layihəyə artıq böyük töhfə verib:

"Bizim Xəzər dənizində infrastrukturumuz, regionu Avropanın və digər bölgələrin bazarları ilə birləşdirəcək neft və qaz kəmərlərimiz var. Bu, hasil olunan məhsulun beynəlxalq bazarlara çıxarılması üçün tələb olunan xərclərə qənaət etməyə imkan verəcək".