• 19 Aprel 2024
logo
Azərbaycan ötən il qaz istehsalını artırıb, neft hasilatını azaldıb

Azərbaycan ötən il qaz istehsalını artırıb, neft hasilatını azaldıb

Azərbaycanda ötən il 37,1 mlrd. kubmetr qaz hasil edilib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 4% çoxdur.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə neft hasilatında isə azalma müşahidə olunub. İl ərzində Azərbaycanda 34,5 mln. ton xam neft hasil edilib.

"Neft hasilatında azalma əsas etibarilə "OPEC+" razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olub", - SOCAR-dan bildirilib.

Məlumata görə, 2020-ci il pandemiya ilə əlaqədar ümumilikdə dünya iqtisadiyyatında, eləcə də qlobal enerji bazarlarında tənəzzül dövrü kimi yadda qaldı. SOCAR da bu ümumi prosesdən müəyyən dərəcədə təsirləndi. Şirkət OPEC+ razılaşması çərçivəsində həm qazma işlərinin, həm də neft hasilatının həcmini əhəmiyyətli dərəcədə azaltdı. Tətbiq edilən məhdudiyyətlər il ərzində neft və qaz qiymətlərində qlobal artımla nəticələndi. SOCAR həm razılaşma çərçivəsində, həm də xərclərin optimallaşdırılması məqsədi ilə görülmüş digər tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail oldu. Bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapır.