• 3 Mart 2021
logo
Azərbaycana düyü ixracında Hindistan birinci yerdədir

Azərbaycana düyü ixracında Hindistan birinci yerdədir

Azərbaycana düyü ixracında Hindistan birinci yerdədir.

APA-nın Hindistanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bunu səfir Bavitlunq Vanlalvavna səfirliyin Hindistanın Kənd Təsərrüfatı və Emal Edilmiş Qida Məhsullarının İxracının İnkişafı Qurumu (APEDA) ilə birlikdə Azərbaycana düyü ixrac edən 7 aparıcı şirkətin iştirakı ilə keçirilən onlayn görüşdə deyib.

Səfir B. Vanlalvavna bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq artıb. O, Azərbaycanın ümumi düyü idxalının 66%-dən çoxunu təmin edərək Hindistanın Azərbaycana düyü ixracında birinci yeri saxladığını bildirib.

Onlayn görüşdə iştirak edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının baş katibinin müavini Fuad Hümbətov Hindistanın Azərbaycanda ən böyük düyü ixracatçısı olduğunu qeyd edərək hindistanlı ixracatçıları Azərbaycanda gələcək imkanları araşdırmağa dəvət edib.

Virtual görüşdə Azərbaycandan idxalçıları və Hindistandan ixracatçıları təmsil edən təxminən 45 şəxs iştirak edib. Tədbir zamanı Hindistanın düyü ixracatçıları və Azərbaycanın düyü idxalçılarının siyahısının yer aldığı elektron kataloq buraxılıb.

Qeyd edək ki, 2019-cu ildə Hindistanın Azərbaycana düyü ixracı 28.3 milyon ABŞ dolları dəyərində olub ki, bu ölkənin ümumi düyü idxalının 73%-dən çoxunu təşkil edir. Ötən illərdə də həmçinin, müvafiq olaraq 2017 və 2018-ci illərdə 66.4% və 73.1% ilə Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəsi idi.