• 22 Yanvar 2021
logo
Azərbaycanda e-imza sertifikatlarına tələbat ötən il 32% artıb

Azərbaycanda e-imza sertifikatlarına tələbat ötən il 32% artıb

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2020-ci ildə istifadəyə verilən elektron imza (e-imza) tokeninin sayı 17 756 olub.

Nazirlikdən verilən məlumata görə, e-imza daşıyıcılarından 9 838-i dövlət qurumlarının, 4 990-ı sahibkarların, 2 928-i isə fiziki şəxslərin payına düşüb. 2019-cu il ilə müqayisədə 2020-ci ildə verilən e-imza tokenlərinin sayı 32% çoxdur.

Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı isə 2 058 olub.

E-imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Belə ki, 2020-ci ildə 8 mln. yaxın əməliyyat aparılıb. Onlardan 85%-i dövlət qurumlarının payına düşür. Bu da 2019-cu illə müqayisədə 93% çoxdur.

Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır.