• 12 Avqust 2022
logo
İşsizlikdən Sığorta Fondu gələn il işsizlərə 13 mln. manat ödəyəcək

İşsizlikdən Sığorta Fondu gələn il işsizlərə 13 mln. manat ödəyəcək

İşsizlikdən Sığorta Fondunun növbəti il üzrə xərcləri 157,8 mln. manat olaraq nəzərdə tutulub ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 2,3 dəfə, 2020-ci ilin göstəricisindən isə 4,3% çoxdur.

Bu barədə " İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə bildirilir.

2021-ci ilin planına görə, özünüməşğulluq tədbirlərinin təşkili ümumi xərclərin ən böyük hissəsini – 43,6%-ni və ya 68 774,2 min manat təşkil edəcək. Bu göstəricinin 2020-ci ilin gözlənən məbləği ilə müqayisədə 12,6% azalacağı proqnozlaşdırılır.
Bundan əlavə, xərclərin mühüm bir hissəsi Dövlət Məşğulluq Agentliyinin aparatının və onun yerli orqanlarının, DOST Agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanmasına yönələcək. 2021-ci ildə bu istiqamətdə yönələn xərclərin 2020-ci ilin gözlənən göstəricisi ilə müqayisədə 2,3% azalaraq 41 994,9 min manat təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Fond tərəfindən 2021-ci ildə işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 2020-ci ilin gözlənən göstəricisi ilə müqayisədə 30% artaraq 13 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.