• 18 Avqust 2022
logo
Azərbaycanda əhali ticarət şəbəkələrində 35 milyard manatdan çox pul xərcləyib

Azərbaycanda əhali ticarət şəbəkələrində 35 milyard manatdan çox pul xərcləyib

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 046,3 milyon manatlıq, o cümlədən 18 milyard 851,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyard 194,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Trend-in məlumatına görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,0 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

2020-ci ilin yanvar-noyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,2 faizi ticarət müəssisələri, 53,4 faizi fərdi sahibkarlar tərəfindən, 23,4 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,7 faiz, fərdi sahibkarlar üzrə 4,3 faiz artıb, bazar və yarmarkalarda isə 18,5 faiz azalıb.

2020-ci ilin yanvar-noyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 319,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 3,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 171,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq malları alıb.