• 14 Avqust 2022
logo
Rusiyanın Azərbaycan məhsullarına qadağasının gizli səbəbləri var

Rusiyanın Azərbaycan məhsullarına qadağasının gizli səbəbləri var

Rusiyanın “Rosselxoznadzor” adlı qurumu dekabrın 10-dan etibarən "zərərvericilərin müəyyənləşdirilməsi" iddiası ilə Azərbaycandan pomidor və alma idxalını qadağan edib.

Bəzi təhlilçilər bildirirlər ki, Rusiyanın ən böyük pomidor təchizatçısı olan Azərbaycana (30 faizi) belə qadağa tətbiq etməsinin əsl səbəbi siyasi maraqlardan qaynaqlanır.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyev Reyting.az-a deyib ki, Rusiyanın kənd təsərrüfatına nəzarət təşkilatının Azərbaycandan idxal edilən pomidor və almaya qadağa tətbiq etməsi əslində həmin məhsullarda hansısa virusun tapılması ilə bağlı deyil: “Bu məsələdə başqa səbəblər var. Əslində həm müharibə, həm də müharibədən sonrakı dövrdə Rusiyanın özünün istəkləri var. Mən bu addımları həmin istəklər kontekstində təzyiq kimi qiymətləndirirəm”.

B. Quliyevin fikrincə, Rusiya tərəfindən belə qərarın verilməsinin bir neçə səbəbi ola bilər:

“Birincisi, ola bilsin ki, BMT-də Krımla bağlı qəbul edilən qərara görə şimal dostumuz narahatdır. Görünür Azərbaycan tərəfi orada bitərəf mövqedən çıxış edib.

İkinci səbəb Azərbaycan dövlətinin bu gün keçirdiyi hərbi parad və burada Türkiyənin ən yüksək səviyyədə iştirakı ola bilər. Bu, faktiki olaraq gələcəkdə Türkiyə-Azərbaycan münasibətlərində yeni mərhələ yaradacaq. Mümkündür ki, bu məsələ Rusiyanı narahat edir”.

Partiya sədri hesab edir ki, Rusiyaya qarşı ciddi sanksiya və təzyiqlərin baş verdiyi bir vaxtda rəsmi Moskva Azərbaycanla münasibətləri düzəltmək əvəzinə, öz mövqelərini gücləndirməyə çalışır: “Ola bilsin ki, belə addımlarla Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin hərbi bazaya çevrilməsinə çalışır, buna razılıq almaq istəyir”.

B. Quliyev xatırladıb ki, Rusiya tərəfindən hazırlanan vaksindən Türkiyə faktiki imtina edib: “Ola bilsin ki, Azərbaycan da ondan imtina etdi. Odur ki, bütün bunların təsirləri belə qərarlara səbəb olub. Açığı, real vəziyyət belədir ki, artıq Ermənistanın bizim üzərimizə gəlməyə gücü yoxdur, ona görə də iqtisadi qərarlarla üzərimizə gəlməyə çalışırlar. Amma bu addımlar müsbət nəticəyə səbəb ola bilməz”.

CXP sədri qeyd edib ki, Azərbaycanın bəzi kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına qadağanın tətbiqi əslində daxili bazarın ucuzlaşmasına səbəb olacaq: “İndi pandemiya mərhələsi yaşanır, qarşıdan bayram gəlir. Düşünürəm ki, Rusiyaya aparılmayan bu məhsullar daxili bazara çıxarılacaq və ucuzlaşmaya səbəb olacaq. Mən gələcəkdə yeni bazarlara açılmağı vacib sayıram. Çalışmaq lazımdır ki, istehsal etdiyimiz malların Rusiya ilə paralel digər nəhəng bazarlara çıxışını da təmin edək. Həm də Rusiya ilə münasibətlərə forsmojor kimi baxmaq lazımdır. İstənilən zaman bu münasibətlərin iqtisadi qolunda belə hallar yaşana bilər. Odur ki, müvafiq qurumlarımız çalışmalıdır ki, daxildə istehsal edilən malların xarici ölkələrə çıxışı üçün işlər həyata keçirsin. Yəni işlərimizi Rusiyadan asılı vəziyyətə salmamalıyıq”.