• 21 Yanvar 2021
logo
Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək

Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək

10 noyabrda Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanata əsasən bu gün ölkəmizin mühüm strateji əhəmiyyətə malik rayonlarından biri olan Laçın Azərbaycana qaytarılıb. Heç bir güllə atmadan və itki vermədən Laçının geri qaytarılması Azərbaycanın növbəti möhtəşəm qələbəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, 1992-ci ildə işğaldan sonra ermənilər Laçında qeyri-qanuni məskunlaşma aparmışdı: “Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa vadar etdi və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi”.

A.Hüseynov vurğulayıb ki, Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Laçın rayonu işğaldan azad olunmaqla Kəlbəcər-Laçın iqtisadi rayonunun ərazisi tamamlanmış oldu:

“Bildiyiniz kimi Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarını əhatə edir. Bu rayonlardan işğal altında qalan Laçin idi və bu gün artıq Laçın da Azərbaycana qaytarıldı və bu iqtisadi rayonun ərazisi tamamlanmış oldu. 30 ilə yaxın bir müddətdə işğal altında qaldığına görə bu iqtisadi rayoun geniş imkanlarından istifadə etmək olmurdu. Nəzərinizə çatdırım ki, bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfaının inkişafı üçün münbit torpaq sahələrinə malikdir.

Bu iqtisadi rayon ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə bilər. Eyni zamanda ərazinin mineral su yataqlı 8 yeraltı su yatağı mövcuddur. Onlardan 3,093 min m3/gün həcmində ehtiyata malik olan 7 yataq Kəlbəcər rayonunun və 4,300 min m3/gün həcminə malik olan 1 yataq Laçın rayonunun ərazisində yerləşir. Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır”.

Deputat əlavə edib ki, bu iqtisadi rayon ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək: “Kəlbəcər-Laçın iqtisadi rayonu şimaldan Gəncə-Qazax iqtisadi rayonu ilə, şərqdən isə Yuxarı Qarabağ iqtisadi rayonu ilə əhatə olunur ki, bu da iqtisadi rayonların qarşılıqlı inkişafına imkan yaradır. Ümumilikdə Kəlbəcər-Laçın iqtisadi rayonunun fəaliyyətinin bərpa olunması ölkə iqtisadiyyatının inkişafına, ümumdaxili məhsulun artmasına mühüm töhfə vermiş olacaq”.