• 19 Aprel 2024
logo
Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov

Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov

“Trend” İnformasiya Agentliyi Energetika Naziri Pərviz Şahbazovla müsahibəni təqdim edir

- 30 ilə yaxın davam edən erməni işğalından sonra müzəffər Azərbaycan ordusu torpaqlarımızı azad etdi. Məlumdur ki, bu torpaqlar təbii ehtiyatlarla zəngindir və böyük iqtisadi potensiala malikdir. Bu ərazilərdə hansı işlərin görülməsi planlaşdırır?

Dağlıq Qarabağ və ətraf regionlar hidroenerji, günəş, külək, bioenerji və geotermal enerji kimi bərpa olunan enerji mənbələri ilə zəngindir və bu resurslardan səmərəli istifadə edilməsi qarşıda duran əsas məsələlərdəndir. Bu məqsədlə, adıçəkilən sahələr üzrə dəqiq potensialın hesablanması üçün ölçü müşahidə stansiyalarının quraşdırılması, stansiyaların tikintisi üzrə texniki imkanların və iqtisadi səmərəliliyin qiymətləndirilməsi planlaşdırılır.

Təqribi qiymətləndirmələrə əsasən regionda 4000 meqavatdan çox günəş, 500 meqavatadək isə külək enerjisi potensialı vardır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında günəş enerjisi üzrə layihələrin reallaşdırılması üçün münbit şəraitin olduğu 7 perspektiv ərazi müəyyən edilmişdir. Həmçinin, Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metrə çatdığı geniş ərazilərin mövcud olduğu məlumdur.

Azərbaycanda yerli su ehtiyatlarının 25%-i Qarabağ ərazisində formalaşır ki, bu da böyük hidroenerji potensialı deməkdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarında bəndin tikintisi üzrə işlər tamamlanmaqdadır. Hazırda bu hidroqovşaqların tikintisinin tam başa çatdırılması və elektrik stansiyalarının quraşdırlması istiqamətində İran İslam Respublikası ilə əməkdaşlıq davam etdirilir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yerləşən bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanması üçün hazırlıq işləri görülür.

İşğaldan azad edilmiş yaşayış məntəqələrimizin bəzilərində infrastruktur layihələrinə start verilmişdir. Qarşıda duran vacib məsələlərdən birinin işğaldan azad olunmuş ərazilərə qayıdacaq əhalinin elektrik enerjisi və qaz təchizatı ilə təminatıdır. Ümumi bərpa işləri çərçivəsində tezliklə burada ötürücü və paylayıcı şəbəkələrin qurulması - müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilişi, yarımstansiyaların tikilməsi məsələləri öz həllini tapacaqdır. Eyni zamanda, işğaldan azad olunan şəhər və rayonlarda qaz təchizatının qurulması üçün əməli fəaliyyətə başlanılacaqdır.

- Xəzər bölgəsindən Avropaya Azərbaycan qazını çatdıracaq nəhəng Cənub Qaz Dəhlizinin inşasını demək olar ki, başa çatdırılıb. Xüsusilə dəhlizin Avropa hissəsi (TAP) bu yaxınlarda tamamlandı. Bu sistem vasitəsilə fiziki qaz tədarükü nə vaxt gözlənilir?

- Cənub Qaz Dəhlizi Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən, ölkəmizin və regionun həyatında neft-qaz sənayesinin inkişafında yeni dövrün başlanğıcını qoyan nəhəng infrastruktur layihəsidir. Bu layihənin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəməri artıq kommersiya fəaliyyətinə başlamağa hazırdır və Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə, müvafiq qaz satışı sazişlərinin şərtlərinə uyğun olaraq, cari ilin sonunda başlanması nəzərdə tutulmuşdur. İldə 10 milyard kubmetr qazın Avropaya nəqlinə imkan verən kəmərin ötürmə qabiliyyətinin gələcəkdə ildə 20 milyard kubmetrə qədər artırılması mümkündür.

- Bu layihə Azərbaycan və Avropa iqtisadiyyatına hansı dividendləri gətirəcək?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi layihəsi qarşıdan gələn illər ərzində Azərbaycan xalqına xidmət edəcək və iqtisadiyyatın inkişafına mühüm töhfə verməklə, ölkə qarşısında yeni imkanlar açacaqdır. Hasilatın getdikcə artması Azərbaycanın beynəlxalq qaz təchizatçısı kimi rolunu daha da gücləndirəcək, nəticədə neft-qaz sektorundan daxil olan gəlirlər artacaqdır.

Cənub Qaz Dəhlizi Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən tranzit ölkə kimi əhəmiyyətini artıracaq, region ölkələrinə öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni imkanlar yaradacaq, eləcə də regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcəkdir. Eyni zamanda, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir və bu da istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir.

Avropaya təsir aspektindən yanaşdıqda, Azərbaycanın səyləri ilə həyata keçirilmiş bu layihə Avropa İttifaqı ölkələrinin enerji, nəqliyyat, bütövlükdə iqtisadi və milli təhlükəsizliyində əhəmiyyətli amil olacaqdır.

- Azərbaycanın enerji təhlükəsizliyi hazırda hansı səviyyədədir və ölkənin enerji təhlükəsizliyini daha da gücləndirmək üçün hansı tədbirlər planlaşdırılır?

- Azərbaycan dünyanın azsaylı ölkələrindən biridir ki, enerji təhlükəsizliyini tam təmin etmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan enerji təhlükəsizliyi strategiyasının icrası nəticəsində ölkə iqtisadiyyatının və əhalinin enerji resursları ilə dayanıqlı və etibarlı təminatında ciddi nailiyyətlər əldə edilmişdir. Bu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycanı dünyada bir enerji ölkəsinə çevirmişdir. Zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik olan ölkəmizin həm regional səviyyədə, həm də transmilli enerji bazarlarındakı rolu və əhəmiyyəti daha da artır. Bununla yanaşı, gələcəkdə neft və qaz hasilatını artırılması istiqamətində “Şəfəq-Asiman”, “Babək”, “Abşeron”, “Ümid”, “Qarabağ” və bir sıra digər perspektiv strukturların işlənməsi ilə bağlı ardıcıl tədbirlər görülməkdədir.

Elektroenergetika sisteminin infrastrukturunda görülən əhəmiyyətli işlər və yeni stansiyaların tikintisi ölkəmizin elektrik enerjisinə olan daxili tələbatını tam ödəməklə bərabər ixrac potensialını da artırır. Son 10 ildə 2055,4 MVt gücündə 23 yeni elektrik stansiyası istismara verilmiş, elektrik enerjisi istehsalı gücü 7516,5 MVt-a çatdırılmışdır. Hazırda gücü 6237,7 MVt olan 18 istilik elektrik stansiyası ilə yanaşı, ümumi gücü 1278,8 MVt olan çox sayda su və digər bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir. İqtisadiyyatın inkişafı və əhalinin rifah səviyyəsinin yüksəlməsi nəticəsində son 10 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım olub, yeni istehsal güclərinin yaradılması və 2018-ci ildə həyata keçirilən bərpa proqramı tələbatdakı artımı qarşılamağa imkan verib. Bu il daha bir stansiyanın - 385 МVt gücündə “Qobu” elektrik stansiyasının təməli qoyulmuşdur. İranla əməkdaşlıq çərçivəsində həyata keçirilən su elektrik stansiyalarının tikintisi layihələri, habelə günəş və külək enerjisindən istifadə sahəsində həyata keçiriləcək investisiya layihələri ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsinə xidmət edəcəkdir. Şübhəsiz ki, bu layihələrin həyata keçirilməsi ilə qənaət olunan təbii qaz resurslarının ixrac edilməsinə də şərait yaranacaqdır. Həyata keçirilən tədbirlər nəticəsində həmçinin səmərəlilik təmin edilib, elektrik enerjisinin keyfiyyət göstəriciləri yüksəlib, itkilərin səviyyəsi isə azalıb. Bu gün ölkəmiz karbohidrogen resursları ilə yanaşı elektrik enerjisinin ixracatçısı kimi də tanınmaqdadır.

- Səudiyyə Ərəbistanı və BƏƏ şirkətləri ilə günəş və külək elektrik stansiyalarının inşası üçün əldə olunan razılaşmaların həyata keçirilməsi hansı mərhələdədir? Stansiyaların inşasına nə vaxt başlanılması planlaşdırılır?

- Ölkəmizdə əlverişli biznes mühiti və infrastrukturun, makroiqtisadi sabitliyin və xarici sərmayələrin cəlbi üçün münbit zəmin olmasının məntiqi nəticəsidir ki, bu gün xarici investorlar Azərbaycanda iqtisadiyyatın bir çox sahələrinə, o cümlədən bərpa olunan enerji sektoruna vəsait qoymaqda maraqlıdırlar. Bu istiqamətdə Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 240 meqavat gücündə külək və 200 meqavat gücündə günəş enerjisi layihələrinin reallaşdırılması istiqamətində icra müqavilələri imzalanmışdır.
Ötən dövr ərzində adıçəkilən şirkətlərin investisiyaları hesabına stansiyaların inşasına başlanması üçün imzalanması zəruri olan elektrik enerjisinin alqı-satqısı, elektrik şəbəkəsinə qoşulma və s. kimi müqavilə layihələri hazırlanmışdır ki, hazırda bu müqavilələrin razılaşdırma prosesi davam etdirilir. Yekun müqavilələr imzalanandan sonra şirkətlər tərəfindən stansiyaların inşasına başlanılması və 2023-cü ilədək stansiyaların istismara verilməsi planlaşdırılır.

- Azərbaycan Respublikasının Energetika Nazirliyində beynəlxalq əməkdaşlıq üzrə vəziyyəti necədir?

- Nazirlik yanacaq-energetika, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində xarici dövlətlər, onların aidiyyəti orqanları və beynəlxalq təşkilatlar ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın həyata keçirilməsini və inkişaf etdirilməsini təmin edir.

Hazırda Azərbaycan ilə İtaliya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Qazaxıstan, Ukrayna, Vyetnam və Yunanıstan arasında birgə hökumətlərarası komissiyalara həmsədrlik, Albaniya, Ukrayna, Qazaxıstan, Macarıstan və Səudiyyə Ərəbistanı Krallığı ilə yaradılmış texniki komissiya və işçi qruplara rəhbərlik edilir.

Energetika sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində xarici ölkələrlə müqavilə-hüquq bazasının genişləndirilməsi məqsədilə bugünədək 60-a yaxın sənəd imzalanmışdır. Cari ildə Ukrayna, İtaliya və Türkiyə Respublikasının tərəfdaş dövlət qurumları ilə saziş və memorandumlar imzalanmışdır. Həmçinin Çin, İndoneziya, Çexiya və Özbəkistanla əməkdaşlıq sənədlərinin imzalanması üçün müvafiq razılaşdırmalar başa çatdırılmış və yaxın gələcəkdə onların da imzalanması nəzərdə tutulur. Həmçinin, qonşu ölkələr olan Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə həm neft-qaz, həm də elektrik enerjisi sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir. Nazirlik Avropa İttifaqı ilə energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı zəruri işlər aparmaqdadır.

Nazirlik ölkəmizin üzvü olduğu Dünya Neft Şurası, Beynəlxalq Enerji Xartiyası, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi, Qaz İxrac edən Ölkələr Forumu kimi təşkilatlar, BMT-nin İnkişaf Proqramı ilə səmərəli əməkdaşlıq əlaqələri yaratmışdır. Həmçinin, Neft İxrac Edən Ölkələr Təşkilatı, Beynəlxalq Enerji Agentliyi, Dünya Enerji Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi maliyyə institutları, ABŞ, Yaponiya, Koreya və digər ölkələrin beynəlxalq inkişaf agentlikləri ilə də sıx əməkdaşlıq edir. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə Beynəlxalq Enerji Xartiyasının Konfransına ölkəmiz sədrlik edir.

- Pandemiya zamanı OPEC + sazişinin dünya neft bazarında tarazlığın qorunub saxlanmasında effektivliyini necə qiymətləndirirsiniz?

- OPEC+ formatının yaradılması təşəbbüsünü ilk dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin yanvar ayında Davos Forumunda irəli sürmüşdür və hazırda bu əməkdaşlıq çərçivəsi dünya bazarlarında tarazlığın bərqərar olmasında, qiymətin sabit saxlanmasında mühüm alət rolunu oynayır.

COVID-19 pandemiyasının təsiri ilə dünya bazarlarında dalğalanmaların baş verməsi ehtimalının artdığı hazırkı şəraitdə OPEC+ çərçivəsində əməkdaşlıq xüsusi önəm kəsb edir. Qeyd etmək lazımdır ki, bu əməkdaşlıq yalnız bəyannaməni imzalayan neft hasilatçısı və ixracatçılarının maraqlarını təmin etmir, həm də çoxsaylı amillərin, risklərin təsiri ilə dəyişən vəziyyətə uyğun qlobal neft bazarının nizamlanmasına xidmət edir.

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatı ilə sıx əməkdaşlıq edir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə ötən il OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası Bakıda keçirilmişdir. Təşkilatın növbəti iclaslarının birinin də ölkəmizdə keçirilməsi planlaşdırılır.

- Bu ilin iyun ayında İğdır-Naxçıvan qaz xəttinin çəkilişi ilə bağlı məsələlərin hüquqi bazasının müəyyənləşdirilməsi üçün müvafiq işlərin aparıldığı bildirilmişdir. Bu layihənin gələcək icrası üçün irəliləyiş varmı? Hazırda bu istiqamətdə hansı işlər görülür? Bu layihənin həyata keçirilməsi hazırda nə dərəcədə aktualdır?

- Digər sahələrdə olduğu kimi, energetika sahəsində də Türkiyə Respublikası ilə həyata keçirilən əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Hazırda iki ölkə arasında gündəmdə olan məsələlərdən biri də Naxçıvan Muxtar Respublikasının təbii qaza olan tələbatının etibarlı şəkildə təmin edilməsidir. Bu məqsədlə Azərbaycandan Türkiyəyə nəql edilən qazın bir hissəsinin yeni inşa ediləcək İğdır-Naxçıvan qaz xətti vasitəsilə Naxçıvana ötürülməsi nəzərdə tutulur.

2020-ci il 25 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı layihənin icrasının qısa müddət ərzində başa çatdırılmasına dair hər iki ölkənin prezidenti tərəfindən göstəriş verilmişdir.

Prezidentlərin tapşırığına uyğun olaraq qardaş ölkənin aidiyyəti qurumları ilə birlikdə zəruri tədbirlər həyata keçirilir. Bununla əlaqədar, yaxın zamanlarda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu”nun imzalanması planlaşdırılır.

Qeyd olunan layihənin reallaşdırılması Naxçıvan Muxtar Respublikasının təbii qaza olan tələbatının etibarlı ödənilməsi ilə yanaşı, enerji təhlükəsizliyini də möhkəmləndirəcəkdir.