Yeni növ koronavirus pandemiyasının ikinci dalğası səbəbindən qlobal neft qiymətləri təzyiq altında qalmaqdadır.
Bu barədə "APA-Economics" Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) hazırladığı maliyyə sabitliyi haqqında icmala istinadən xəbər verir.
İcmala əsasən, bu fonda "OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri 2021-ci il 1 yanvar tarixindən hasilatın planlaşdırılan artımını təxirə sala bilərlər.
"Koronavirus infeksiyasının yayılması şəraitində neft bazarındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, qlobal neft qiymətləri təzyiq altındadır", - icmalda deyilir.
Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.
Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.