• 25 Aprel 2024
logo
Nazir: "İslam İnkişaf Bankı indiyədək Azərbaycana 1 mlrd. dollara yaxın vəsait ayırıb"

Nazir: "İslam İnkişaf Bankı indiyədək Azərbaycana 1 mlrd. dollara yaxın vəsait ayırıb"

Bu ilin 10 ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) ölkələrinin Azərbaycanın xarici ticarətindəki payının 22% təşkil edib.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov noyabrın 25-də COMCEC-in 36-cı sessiyasının onlayn açılış mərasimində çıxış edərkən bildirib.

Nazir ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün İƏT qurumları arasında tərəfdaşlıq layihələrinin artırılmasının önəmini vurğulayıb.

M. Cabbarov İƏT-in islam dünyasında rifahın yaxşılaşdırılması və problemlərin həllində əhəmiyyətli rolunu vurğulayıb, üzv dövlətlərin qurumun müxtəlif platformaları vasitəsilə əməkdaşlıq etdiyini, birgə layihələr icra olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycan COMCEC-in COVID-19 pandemiyası ilə bağlı xüsusi proqramında iştirak edir.

Nazir əlavə edib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan uğurlu əməkdaşlıq həyata keçirir, indiyədək bank tərəfindən Azərbaycanda müxtəlif sahələrə 1 mlrd. ABŞ dollaradək maliyyə vəsaiti ayrılıb.

Naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə İƏT üzvü olan dövlətlərin nümayəndə heyətləri, İƏT-in ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.