• 18 Yanvar 2021
logo
İtaliya Azərbaycanın azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasında maraqlıdır

İtaliya Azərbaycanın azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasında maraqlıdır

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı səfiri Augusto Massarini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasının gedişi müzakirə edilib.

Səfir dinc əhalinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, üçtərəfli bəyanatı alqışladığını vurğulayıb.

İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib.

Energetika naziri başsağlığına və İtaliyanın imzalanmış bəyanata dəstəyinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin iqtisadiyyatın bir çox sahələrində uğurla inkişaf etdiyi, uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlığın mühüm elementi sayılan Trans Adriatik Boru Kəməri layihəsinin İtaliya və digər Avropa istehlakçıları üçün əhəmiyyətindən bəhs edilib, layihənin kommersiya fəaliyyəti üçün hazır olduğu, cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğu vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, enerji sektorunda investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri, iki ölkənin müxtəlif qurumları arasında imzalanmış əməkdaşlıq sənədlərindən irəli gələn məsələlər nəzərdən keçirilib.