• 1 Dekabr 2020
logo
Azərbaycana İsveçrədən yanvar-sentyabrda 2,7 mln. dollarlıq qol saatları idxal edilib

Azərbaycana İsveçrədən yanvar-sentyabrda 2,7 mln. dollarlıq qol saatları idxal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 4,959 mln. ABŞ dolları dəyərində 736 691 ədəd müxtəlif növ qol saatları idxal edilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 36,2%, miqdar ifadəsində isə 35,3% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəriciləri əsasında apardığı hesablamalarına görə, qol saatlarının idxalında ən məşhur növ adi korpuslu elektriklə işləyən qol saatları olub. Hesabat dövründə Azərbaycana 543,52 min dollar dəyərində 580 754 ədəd bu növ cihazlardan idxal edilib.

Ölkələr üzrə saat idxalının bölgüsünə gəldikdə, miqdar ifadəsində Azərbaycana saatların əsas tədarükçüsü Çin olub. 2020-ci ilin ilk doqquz ayında Çindən Azərbaycana 1,840 mln. dollar dəyərində 724 669 ədəd saat gətirilib. Bu, illik müqayisədə dəyər ifadəsində 10,2% çox olsa da, miqdar ifadəsində 35,3% azdır.

Dəyər ifadəsində isə İsveçrə saatları Azərbaycanın qol saatları idxalında ən böyük paya sahib olub. Belə ki, hesabat dövründə sözügedən ölkədən Azərbaycana 2,671 mln. dollar dəyərində 4 490 ədəd saat gətirilib ki, bu da illik müqayisədə müvafiq olaraq 50,9% və 51,4% azdır.