• 25 Aprel 2024
logo
"Tu-154" təyyarəsi son uçuşunu yerinə yetirib

"Tu-154" təyyarəsi son uçuşunu yerinə yetirib

"Alrosa" aviaşirkətinin "Tu-154" sərnişin təyyarəsi çərşənbə günü Rusiyada son uçuşunu həyata keçirib. Təyyarə uçuşu Mirnıy-Novosibirsk reysi yerinə yetirib.

"APA-Economics"in məlumatına görə, bu barədə aviaşirkətin açıqlamasında deyilir.

"Oktyabrın 28-də Rusiyanın mülki aviasiyasında qalan yeganə "Tu-154" təyyarəsi son uçuşunu həyata keçirib. "Alrosa" aviaşirkətinə məxsus təyyarə (göyərtə nömrəsi RA-85757) almaz bölgəsinin paytaxtı Mirnıy şəhərindən Novosibirskin Tolmaçovo aeroportuna uçub. İki saat davam edən uçuş çərçivəsində təyyarə 140 sərnişini mənzil başına çatdırıb", - açıqlamada ​​deyilir.

Aviaşirkətin baş direktoru Andrey Qulovun sözlərinə görə, təyyarənin uçuşa yararlılıq sertifikatının müddəti başa çatır: "Bununla yanaşı, onun əvəzinə daha səmərəli və qənaətcil müasir təyyarələr gəlir. İstifadədən çıxarıldıqdan sonra təyyarə gələcək taleyi ilə bağlı qərar qəbul edilənədək Tolmaçovo hava limanında qalacaq".

Qeyd edək ki, sözügedən təyyarə 28 il əvvəl, 25 noyabr 1992-ci ildə Samaradakı "Aviakor" zavodunda yığılıb.

Xatırladaq ki, "Tu-154" təyyarəsi Tupolev Konstruktor Bürosunda hazırlanıb. Sözügedən təyyarə ilə ilk uçuş 1968-ci ilin oktyabrın 3-də həyata keçirilib, 1972-ci ilin fevralın 9-dan etibarən isə təyyarə istismara verilib. Ümumiyyətlə, 1 000-dən çox "Tu-154" təyyarəsi istehsal olunub.