• 1 Dekabr 2020
logo
Mikayıl Cabbarov İran səfiri ilə Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərini müzakirə edib

Mikayıl Cabbarov İran səfiri ilə Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, uğurlar arzulayıb.

Vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Son 7 ildə dövlət başçıları arasında 13 yüksək səviyyəli görüş keçirilib və mühüm qərarlar qəbul edilib. Bildirilib ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlıq inkişaf edir, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artır, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur.

M.Cabbarov Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və son təxribatları, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib, İranın münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinə hörmət çərçivəsində həllinə dəstək verdiyini vurğulayıb.

Səfir Seyid Abbas Musəvi İranın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü tam dəstəklədiyini, hər cür seperatizmi pislədiyini vurğulayıb. İran səfiri ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində maraqlı olduğunu, həmçinin Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin birgə icrasının iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirəcəyini diqqətə çatdırıb.

Görüşdə sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, investisiya, kiçik və orta sahibkarlıq, ticarət, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.