• 20 Aprel 2021
logo
Azərbaycan və Yaponiya birgə müəssisələrin yaradılmasını müzakirə edib

Azərbaycan və Yaponiya birgə müəssisələrin yaradılmasını müzakirə edib

Azərbaycanla Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq genişləndirilir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycanın İqtisadiyyat nazir Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşü zamanı deyib.

Nazirin sözlərinə görə, ölkələr arasında iqtisadi-ticarət, nəqliyyat-logistika, mədən sənayesi, kənd təsərrüfatı, turizm, rəqəmsal iqtisadiyyat, dövlət-özəl tərəfdaşlığı və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür.

M. Cabbarov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.

Öz növbəsində, səfir C. Vada ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri, investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.