• 22 Aprel 2021
logo
“Azəralüminium” “Hər şey Vətən üçün” şüarı ilə keçirilən aksiyaya qoşulub

“Azəralüminium” “Hər şey Vətən üçün” şüarı ilə keçirilən aksiyaya qoşulub

Torpaqlarımızın bütövlüyü uğrunda müzəffər Ordumuzun şanlı tarix yazdığı bu günlərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan və Gəncə şəhərində yerləşən "Azəralüminium" MMC “Hər şey Vətən üçün" şüarı ilə keçirilən aksiyaya qoşulub.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu aksiya çərçivəsində "Azəralüminium" MMC tərəfindən cəbhə bölgəsinə bir yük avtomobili təkər və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən qəhrəman əsgərlərimizə ərzaq məhsullarından ibarət sovqat göndərilib.

Hər kəsin böyük qələbə uğrunda bir olub, var olduğu bu günlərdə ASC-nin əməkdaşları ölkəmizin ərazi bütövlüyünün bərpası naminə aparılan döyüşlərə dəstək məqsədilə aylıq vəzifə maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 2020-ci il 28 sentyabr tarixli Sərəncamına uyğun olaraq "Azəralüminium" MMC-də çalışan 31 əməkdaş ehtiyatda olan hərbi vəzifəlilər kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən səfərbərlik üzrə hərbi hissələrə yola salınıb.