• 21 Aprel 2021
logo
Magistral və respublika əhəmiyyətli 2 yolun tikintisi yekunlaşır

Magistral və respublika əhəmiyyətli 2 yolun tikintisi yekunlaşır

M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.

Agentlikdən bildirilib ki, M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidn qurulur. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası da aparılaraq yekunlaşdırılır. Hazırda körpülərdə son tamamlanma işləri görülür. Körpülər yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində inşa olunur. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edir.

Bundan başqa, yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac olduğundan, müxtəlif diametrlərə malik 106 borunun inşası aparılıb ki, bunlardan 12-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçid də tikilib. Bununla yanaşı magistral yolun zəruri nöqtələrində 44 avtobus dayanacağının quraşdırılması da yekunlaşmaq üzrədir.

“M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində magistralın 46-cı km-dən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri də aparılaraq yekunlaşdırılır. 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Anoloji tikinti işləri bu yolda da görülür. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsünün inşa bitmək üzrədir. Körpülər yolun 0.4-cü km-də dəmiryolu, 0.7-ci km-də Əyriçay, 1.4-cü km-də Küncüt çayı, 4.6-cı km-də Sarı Qobu çayı və 5.2-ci km-də Qarasu çayı üzərində salınır. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Ümumilikdə yollar boyu işlərin tərəqqisi planı üstələyir və 90 faiz təşkil edir. Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstün sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir.