• 22 Aprel 2021
logo
Salyan: hər gün qəbul məntəqələrinə 445-450 ton pambıq göndərilir

Salyan: hər gün qəbul məntəqələrinə 445-450 ton pambıq göndərilir

Salyanda pambıq yığımının qızğın dövrüdür. Fermerlər yetişdirdikləri məhsulu qısa müddətdə toplamaq üçün var qüvvələrini sərf edirlər. Onların gərgin əməyi nəticəsində hər gün plantasiyalardan 445-450 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilir. Məhsulun 105-110 tonu sahələrə çıxarılan 25 pambıqyığan kombaynlarla toplanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il salyanlı pambıqçılar 5 min 10 hektar sahədə pambıq əkiblər. Şirkətlərlə müqavilə bağlayaraq məhsul yetişdirən mülkiyyətçilər göstərilən hərtərəfli kömək nəticəsində bu il sahələrdə bol məhsul yetişdiriblər. Rayonda yığım kampaniyasına yaxşı hazırlıq görüldüyündən və işin gedişində fermerlərə güclü dəstək göstərildiyindən indiyədək sahələrdən 4 min 349 ton məhsul yığılıb. Pambığın 70 faizə yaxını maşınların köməyi ilə toplanılıb.

Rayonda yüksək məhsuldarlığa nail olan fermerlər çoxdur. Onlardan biri də Sarvan kənd sakini fermer Telman Məmmədovdur. Fermer uzun illər təsərrüfatın bu sahəsi ilə məşğul olur. Pambıqçı ötən il becərdiyi 30 hektar sahədən 110 ton pambıq yığıb.

“Uzun illərdir ki, pambıq becərirəm. Ötən il əkdiyim sahənin hər hektarından 37 sentner məhsul topladım və yaxşı mənfəət götürdüm. Cari ildə 35 hektar sahədə pambıq əkmişəm. Bu il də məhsulum boldur. İndiyəcən əl ilə 55 tondan çox pambıq toplamışam. Hələ məhsul çoxdur. Yığımın sonuna kimi daha 70 ton da məhsul yığacağıma əminəm”, - deyə fermer vurğulayıb.

Məhsul istehsalçısı onu da bildirib ki, son illər dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli kömək, verilən əlavə subsidiyalar digər istehsalçılar kimi, onun da bu sahəyə marağını artırıb. Fermer əkinçilərə göstərilən dəstəkdən yararlanaraq gələcəkdə əkin sahəsini daha da genişləndirmək niyyətindədir.

Bu il rayonda 17 min ton “ağ qızıl” istehsal etmək nəzərdə tutulub.