• 22 Aprel 2021
logo
Saatlıda indiyədək 10 min tondan çox pambıq yığılıb

Saatlıda indiyədək 10 min tondan çox pambıq yığılıb

Saatlıda pambıq yığımı sürətlə davam edir. Ötən il respublikanın pambıqçılq rayonları arasında ən çox – 41 min 813 ton məhsul istehsal edən Saatlının “ağ qızıl” ustaları bu il də yığımda öndə gedirlər. Hər gün sahələrdən 966 ton məhsul yığılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 2950 istehsalçı dörd şirkətlə müqavilə bağlayaraq, 14 min 141 hektar sahədə pambıq əkib. Məhsul istehsalçılarına göstərilən hərtərəli kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul toplanışına vaxtında başlayan pambıqçılar indiyə qədər sahələrdən 10 min 60 ton məhsul yığıblar. Tədarük olunan pambığın 7 min 202 tonu maşınlarla, 2 min 858 tonu isə əllə toplanılıb. Yığılmış məhsulun 85-90 faizi birinci növ olub.

Saatlıda pambıq əkini ilə məşğul olan qabaqcıl fermerlərdən biri də qabaqcıl pambıqçı Ərşad Məmmədovdur. O, hər il sahələrdə yüksək məhsuldarlığa nail olur. Fermer indiyədək əkdiyi 55 hektar sahədən 83 ton məhsul toplayıb. “Yığım apardığım sahənin hər hektarından 30 setnerdən çox məhsul götürmüşəm. Hələ sahəmdə pambıq çoxdur. Bu mövsüm plantasiyadan 200 tona yaxın pambıq götürəcəyimə əminəm. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dəstək bu sahə ilə məşğul olan fermerlərin pambıq əkininə marağını daha da artırıb. 2018-ci ildə pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması onlarda ruh yüksəkliyi yaradıb. Bundan həvəslənən əkinçilər hər il sahələrini daha da genişləndirirlər”, – deyə fermer bildirib.