• 20 Oktyabr 2020
logo
Azərbaycanda sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizlik problemləri tədqiq olunur

Azərbaycanda sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizlik problemləri tədqiq olunur

Son illərdə müxtəlif ölkələrdə nüvə elektrik stansiyası, elektrik təchizatı şəbəkəsi, su təchizatı və istilik sistemləri və s. kimi kritik infrastruktur obyektlərində sənaye idarəetmə sistemləri ilə əlaqəli çoxsaylı kibertəhlükəsizlik insidentləri qeydə alınıb.

Bunu AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyev "Sənaye idarəetmə sistemlərində kibertəhlükəsizlik problemlərinin analizi" mövzusuna həsr olunan onlayn elmi seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, belə insidentlər baş verdikdə müvafiq dövlət orqanlarının məlumatlandırılması bəzi ölkələrdə qanunvericiliklə məcburidir və məhz bu növ insidentlərin analizi üzrə ixtisaslaşmış xüsusi CERT (Computer Emergency Response Team) komandaları formalaşdırılıb.

"Bütün bunlar sənaye idarəetmə sistemlərində kibertəhlükəsizliyin təmin edilməsinin aktuallığını bir daha vurğulayır. Hazırda cəmiyyətin həyat fəaliyyətini təmin edən çoxsaylı sənaye idarəetmə sistemləri kiberhücumlar üçün asan hədəfdirlər və virtual mühitlərə inteqrasiya etdikcə kibertəhlükəsizlik baxımından ən həssas obyektlərə çevrilirlər", - deyə Y. İmamverdiyev qeyd edib.

Alim əlavə edib ki, Azərbaycan iqtisadiyyatında və müxtəlif təyinatlı kritik infrastrukturlarda Sənaye 4.0 texnologiyalarının tətbiqinin genişləndiyini nəzərə alaraq, belə sistemlərin mümkün kiberhücumlardan qoruması strateji əhəmiyyət kəsb edir.

O, diqqətə çatdırıb ki, sənaye idarəetmə sistemlərində kibertəhlükəsizlik problemlərinin həlli istiqamətində bütün dünyada elmi-praktiki tədqiqatlar genişlənir.

"Bu sistemlərdə kibertəhlükəsizliyin qiymətləndirilməsi, monitorinqi və auditi yanaşmalarının işlənməsi, etibarlı autentifikasiya və təhlükəsiz kommunikasiya metodlarının işlənməsi və tətbiqi, zərərli proqram təminatının aşkarlanması və analizi metodlarının işlənməsi, hədəfyönümlü hücumların aşkarlanması və qarşısının alınması texnologiyalarının işlənməsi, sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi üzrə tədqiqat, tədris və sertifikatlaşdırma təyinatlı test-stendlərinin qurulması metodlogiyaları əsas tədqiqat istiqamətləridir", - deyə Y. İmamverdiyev əlavə edib.