• 20 Aprel 2024
logo
Azərbaycan "Çovdar" mədənindən hasil edilmiş qızıl və gümüş ixracından son 4 ildə 493 mln. manat qazanıb

Azərbaycan "Çovdar" mədənindən hasil edilmiş qızıl və gümüş ixracından son 4 ildə 493 mln. manat qazanıb

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkəsən rayonunda yerləşən “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqlarında olub.

“AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov yatağın yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində aparılacaq geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işləri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelləri tərtib edilərək, mövcud resurs və ehtiyatları beynəlxalq JORC standartlarına uyğun yenidən qiymətləndiriləcək. Proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın isə həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur.

M. Mikayıl Cabbarov “Daşkəsən” yatağının yerli xammala əsaslanan, idxalı əvəzləyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların istehsalı üçün böyük perspektiv vəd etdiyini vurğulayıb. Nazir yatağın yenidən istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacağını bildirib. İqtisadiyyat naziri dəmir filizi yatağında işlərin ən müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilməklə qurulmasının vacibliyini qeyd edib. Yatağın yenidən istismarının yeni iş yerlərinin açılması baxımından əhəmiyyətini vurğulayan nazir prosesin insan kapitalının inkişafına da xüsusi töhfə verəcəyini diqqətə çatdırıb.

İqtisadiyyat naziri “AzerGold”un "Çovdar" filiz emalı sahəsində də olub. Yatağın istismarı nəticəsində əldə edilmiş iqtisadi göstəricilər barədə nazirə məlumat verilib. Qeyd olunub ki, fəaliyyətdə olduğu 4 il ərzində QSC həm maliyyə sabitliyi, həm də əməliyyat effektivliyi istiqamətində ciddi uğurlara nail olub. Bu müddət ərzində “Çovdar” mədənindən hasil edilmiş 202 min unsiyadan çox qızıl, 350 min unsiyadan artıq gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 493 mln. manata yaxın vəsait cəlb olunub. Bu vəsaitin 36,7 mln. manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib. Bildirilib ki, 2016-2019-cu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 mln. manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb ki, bu məbləğin də 15 mln. manatı nizamnamə kapitalının artırılmasına yönəldilib.

İqtisadiyyat naziri həmçinin, mədən ərazisində süxurların partladılması, metal tökümü və xəlitələrin hazırlanması prosesi ilə əyani tanış olub.

Sonda “Çovdar” yatağının yaxınlığında yerləşən və hazırda istismarına hazırlıq görülən “Ağyoxuş” qızıl yatağı ümumi baxış nöqtəsindən müşahidə olunub, bu istiqamətdə aparılan işlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 6 avqust 2020-ci il tarixli Ssərəncamına uyğun olaraq, “AzerGold” QSC “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayıb. Yataq 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar olunub, 350 mln. ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 mln. tonu məhz bu illər ərzində hasil edilib.