• 23 Oktyabr 2020
logo
"Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlayır"

"Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlayır"

Dövlət başçısının bu məsələyə dair ciddi iradəsi ortadadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar kursu milli maraq və mənafelərimizə xidmət edir və bu islahatlar Azərbaycanda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik, digər neqativ halların aradan qaldırılmasını prioritet kimi, əsas hədəflərdən biri kimi nəzərdə tutur. Məqsəd ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi nə nail olmaqdır. Bunu Baymedia.az-a Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib. Onun fikrincə, görünən budur ki, ölkə rəhbərinin bu məsələdə heç kimə güzəşt etmək fikri yoxdur. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən birmənalı şəkildə vurğuladı ki, bu gün ən vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: "Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır: "Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir". Partiya sədri bildirib ki, MHP olaraq cənab Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılması istiqamətində tutduğu bu cür prinsipial mövqeyini alqışlayır və dəstəkləyirik: "Əminik ki, bundan sonra korupsiyaya qarşı mübarizə işi daha da səmərəli aparılacaq. Çünki korrupsiyaya qarşı mübarizə artıq keyfiyyətcə tamamilə yeni müstəviyə keçib. Hazırda dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, o cümlədən ictimai şuraların fəaliyyətinin genişləndirilməsi üçün önəmli tədbirlər görülür". Sevindirici haldır ki, ölkə vətəndaşlarının da bu istiqamətdə görülən işlərə münasibəti, reaksiyaları adekvatdır. Belə ki, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşılması, bürokratik əngəllərə, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə aparılması əhali tərəfindən təqdir olunur. İnsanlarımız ölkə başçısının məmurlara qarşı prinsipial mövqeyini rəğbətlə qarşılayır: " Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu və ya digər yeni kadrları vəzifələrə təyin edərkən idarəetmə strukturlarındakı mövcud neqativ hallarla, məmur özbaşınalıqları ilə əlaqədar öz iradlarını onların diqqətinə çatdırır və yeni kadrlara bu cür hallara yol verməmələri barədə məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verir. Eyni zamanda onlara xəbərdarlıq edir ki, əgər yeni təyin olunanlar verilən tapşırıqları icra edə bilməsələr, cəzalanacaqlar. Prezidentin bu addımı artıq öz müsbət nəticəsini göstərməkdədir. Dövlətin və xalqın mənafelərinə zərər vuranların, hökumətin fəaliyyətinə kölgə salanların, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərin sayı get-gedə azalır". İnanırıq ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibinin fəaliyyəti də korrupsiya hallarının qarşısının alınması işinə öz töhfəsini verəcəkdir. Yeni tərkibin sentyabrın 15-də videoformatda keçirilən ilk iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Komissiyanın sədri Samir Nuriyevin öz çıxışında səsləndirdiyi fikirlər belə düşünməyimizə əsas verir. Belə ki, Komissiya sədri vurğuladı ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir: "İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib". MHP sədri bildirib ki, korrupsiyaya, rüşvətxorluq hallarına qarşı mübarizə nə üçün vacibdir? Bu mübarizə nəyə görə dövlət siyasətinin prioritetinə çevrilib? Çünki korrupsiyanın, rüşvətxorluğun genişlənməsi ölkənin iqtisadi inkişafını əngəlləyir, çeşidli sosial layihələrin həyata keçirilməsinə süni maneələr yaradır, cəmiyyətin mənəvi sağlamlığını zədələyir: "Cənab Prezident də məhz bu kimi məqamları nəzərdə tutaraq hər zaman vurğulayıb ki, korrupsiya, rüşvətxorluq halları ölkənin ümumilikdə inkişaf tempinə zərbə vurur. Ona görə də, korrupsiya, rüşvətxorluğun qarşısı mütləq alınmalıdır. Düşünürəm ki, ölkənin bütün siyasi qüvvələri bu prosesə dəstək verməlidirlər". Cavid