• 1 Oktyabr 2020
logo
Prezident İlham Əliyev: “Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük”

Prezident İlham Əliyev: “Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük”

“Təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükənəcək. Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır”.

Bunu bu gün Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında bildirib.

Dövlət başçısı deyib ki, biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik: “Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıb”.

Prezident İlham Əliyev nəzərə çatdırıb ki, bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik: “İndi biz 300 milyon manata qənaət etmişik. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Mən fabrikin açılışında demişdim, çalışın ikinci, üçüncü xətləri də qurun ki, istehsalat artsın və biz bu məhsulu ixrac edə bilək. O vaxt da demişdim, mən elə onu istəyirəm ki, bu məhsulun hamısı ixraca getsin, Azərbaycanda heç kim siqaret çəkməsin və daxili tələbat olmasın. Amma əlbəttə ki, bu, mümkün deyil, ancaq buna çalışmalıyıq. O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Mən deyirdim ki, tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Düzdür, siz də bilirsiniz ki, siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin. Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulub”.