• 29 Oktyabr 2020
logo
Azərbaycan MDB ölkələri arasında e-ticarət dövriyyəsinin artırılmasını təklif edib

Azərbaycan MDB ölkələri arasında e-ticarət dövriyyəsinin artırılmasını təklif edib

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) MDB dövlətləri arasında elektron ticarət (e-ticarət) dövriyyəsinin artırılmasını, üzv ölkələrdə qida təhlükəsizliyinin dayanıqlığının təmin edilməsi üçün birgə profilaktik tədbirlərin qəbul edilməsi təklifini irəli sürüb.

Konfederasiyadan verilən məlumata görə, bunu MDB dövlətlərinin Ticarət-Sənaye Palataları rəhbərlərinin onlayn video-konfransında çıxış edərkən ASK prezidenti Məmməd Musayev deyib.

O, həmçinin turizm, nəqliyyat, xidmətlər, kiçik və orta sahibkarlıq daxil olmaqla ən çox təsirlənən sahələrə xüsusi yanaşmanın tətbiqini, pandemiya və post-pandemiya dövrləri üçün fərqli platformalarda təcrübə mübadiləsini həyata keçirməyi təklif edib.

M. Musayev Azərbaycanın MDB ölkələri ilə əməkdaşlıq əlaqələrinə toxunaraq, iqtisadi dövriyyənin son illər artdığını vurğulayıb. O bildirib ki, 2019-cu ildə MDB dövlətləri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 4,610 mlrd. ABŞ dollar təşkil edib.

"Azərbaycan bu ölkələrə 1,178 mlrd. dollarlıq məhsul ixrac edib, 3,433 mlrd. dollar dəyərində isə idxal əməliyyatları aparılıb. MDB ölkələri arasında ən yüksək ticarət dövriyyəsi (3,022 milyard dollar) isə Rusiya Federasiyası ilə qeydə alınıb", - deyə M. Musayev qeyd edib.

Rusiyanın Azərbaycan kənd təsərrüfatı məhsulları üçün ən böyük bazar olduğunu vurğulayan ASK rəhbəri Azərbaycan ilə Rusiya arasında səmərəli ikitərəfli ticarət rejiminin tətbiq edilməsinin ticarət əməliyyatları üçün daha səmərəli imkan yaratdığını söyləyib.

Ermənistandan başqa digər MDB ölkələri ilə Azərbaycan arasında azad ticarət rejiminin qurulduğunu vurğulayan Konfederasiya prezidenti, MDB dövlətlərinin İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində Azərbaycanın da iştirak etdiyini xatırladıb.

M. Musayev COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda məşğulluğun, makroiqtisadi və maliyyə sabitliyinin qorunması üçün 3,5 mlrd. manat həcmində sosial-iqtisadi dəstək paketinin icra olunduğunu qeyd edib.

"Hesab edirik ki, milli iqtisadiyyatları və xüsusən də müəssisələri pandemiyanın qısa və uzunmüddətli nəticələrinə hazırlamaq lazımdır", - deyə M. Musayev qeyd edib.