• 23 Sentyabr 2020
logo
Tərtər və Bərdədə subartezian quyularının qazılmasına başlanılıb

Tərtər və Bərdədə subartezian quyularının qazılmasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində bölgələrdə layihələrin icrası davam etdirilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə bildirilib ki, artıq Tərtər və Bərdə rayonlarının kəndlərində yeni subartezian quyularının qazılmasına başlanılıb.

Sərəncama əsasən, Tərtər rayonunun İsmayılbəyli, Sarov və Səhləbad, Bərdə rayonunun Xanxanımlı, İkinci Nazırlı və Kələntərli kəndlərinin hər birində subartezian quyuları qazılacaq. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun su mənbələri işğal altındakı ərazilərdə qaldığından kənd sakinləri həm içməli, həm də suvarma suyu ilə təminat baxımından əziyyət çəkirlər. Xüsusilə yay aylarında bu kəndlərdə ciddi su çatışmazlığı müşahidə olunur.

Kənd sakinlərini təhlükəsiz içməli su ilə təmin etmək üçün yeraltı sulardan istifadə olunması qərara alınıb. Bu məqsədlə ərazidə tədqiqat işləri aparılıb və yeni subartezian quyularının qazılmasına qərar verilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən layihə çərçivəsində Tərtər rayonunun Səhləbad kəndində işlərə başlanıb. Bunun ardınca İsmayılbəyli və Sarov kəndlərində subartezian quyuları qazılacaq.

Hazırda Bərdə rayonunun Xanxanımlı kəndində də subartezian quyusunun qazılmasına başlanıb. Bu qazma qurğuları hesabına növbəti mərhələdə İkinci Nazırlı və Kələntərli kəndlərində də quyular qazılacaq. Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və elektrik təchizatı məqsədilə transformatorlar quraşdırılacaq.

Tərtər və Bərdə rayonlarında icra olunan layihələr çərçivəsində 6 kənddə 9 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılması və suvarma suyuna olan tələbatının ödənilməsi nəzərdə tutulur. Ümumilikdə ilin sonuna qədər 15 rayonun 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması işləri yekunlaşacaq və suyun verilişi təmin ediləcək. Bu layihələrdən 65 mindən çox sakin faydalanacaq.