• 27 İyul 2024
logo
Regionlarda vergi yığımı 22,7 faiz artıb

Regionlarda vergi yığımı 22,7 faiz artıb

Bu ilin yanvar-iyun aylarında regionlardan vergi daxilolmaları 22,7 faiz artıb. Bu barədə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib. Bu göstəricinin olduqca vacib olduğunu söyləyən X.Abdullayev bildirib ki, regionlardan da vergi daxilolmalarının artımı sevindirici haldır. O, bu faktın bölgələrdə iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artmasına və büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərdiyinə, digər tərəfdən isə regionların özünümaliyyələşdirmə imkanlarının yaxşılaşdığına dəlalət etdiyini vurğulayıb.
Nazirlik rəsmisi onu da əlavə edib ki, cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ərazi vergi orqanları üzrə daxilolmalar 12,6 faiz artıb, bunun cəmi daxilolmada xüsusi çəkisi 9,5 faizdən 10 faizə qalxıb. “Təhlillər göstərir ki, mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların öz potensialı üzrə daxilolmaları 22,7 faiz artıb, ƏDV, mənfəət, gəlir, aksiz və torpaq vergiləri üzrə daxilolmalarda müsbət dinamika müşahidə edilir”, - deyə X.Abdullayev vurğulayıb.

Mədənçıxarma sənayesi və maliyyə sahələrində əməkhaqqı daha yüksəkdir
2019-cu il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 1613,7 min nəfər olmuş, onlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
AR Dövlət Statistika Komitəsinin məlumatına əsasən, muzdla işləyənlərin 20,6 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2019-cu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 585,2 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.