• 1 Oktyabr 2020
logo
"AzerGold" qızıl-gümüş ixracından gəlirini 32% artırıb

"AzerGold" qızıl-gümüş ixracından gəlirini 32% artırıb

Bu ilin yanvar-avqust aylarında “AzerGold” QSC tərəfindən əsas satış məhsulu olan qızıl üzrə nəzərdə tutulmuş plandan 4 752 unsiya daha çox olmaqla, ümumilikdə 39 312 unsiya qızıl hasil edilib ki, bu da illik ifadədə 14% çoxdur.

QSC-dən verilən məlumata görə, bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilib.

“Məlum olduğu kimi, cari ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar arasında qızıl ilk üçlükdə qərarlaşıb. Həm hasilat həcminin, həm də dünya bazarlarında qızıl qiymətlərinin artması fonunda “AzerGold”un” ixrac əməliyyatlarından ölkə iqtisadiyyatına cəlb etdiyi valyutanın həcmində də artım qeydə alınıb. Cari ilin yanvar ayından sentyabr ayınadək “AzerGold” tərəfindən icra edilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 68,5 mln. ABŞ dolları (116,4 mln. manat) məbləğində vəsait cəlb edilib”, - deyə QSC-dən bildirilib.

Hesabat dövründə qızıl və gümüş ixracından əldə edilən gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 32%, yaxud 16 mln. dollar (28 mln. manat) çoxdur. Həmin dövr ərzində Cəmiyyət tərəfindən dövlət büdcəsinə 6 mln. manatdan çox vəsait ödənilib. Bu vəsaitin 4,8 mln. manatı vergilərin, 1,2 mln. manatı isə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) edilən ödənişlərin payına düşür. Ümumilikdə, QSC-nin bütün fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 36,7 mln. manat vergi şəklində ödənilib. Bu vəsaitin 31,6 mln. manatı vergilərin, 5,1 mln. manatı DSMF-ə edilən ödənişlərin payına düşür.

Qeyd edək ki, sadalanan iqtisadi nəticələr istismarı edilən yalnız bir – “Çovdar” qızıl yatağında həyata keçirilən fəaliyyət sayəsində əldə olunub. Hazırda yeni yataqların istismara hazırlanması istiqamətində də intensiv işlər davam etdirilir.