• 21 Sentyabr 2020
logo
SOCAR ötən il Karbamid zavoduna investisiyaları 5 dəfədən çox artırıb

SOCAR ötən il Karbamid zavoduna investisiyaları 5 dəfədən çox artırıb

2019-cu ildə SOCAR müəssisələrinə əsaslı vəsait qoyuluşunun faktiki yerinə yetirilməsi 51,4% və ya 1,67 mlrd. manat təşkil edib.

"APA-Economics"in SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, bu, 2018-ci il ilə müqayisədə 12,1% azdır.

Ötən il SOCAR tərəfindən ən çox investisiya "Azneft" İB (1,04 mlrd. manat), "Kompleks Qazma İşləri" Tresti (257,28 mln. manat) və Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (208,51 mln. manat) yatırılıb. Bu da 2018-ci il ilə müqayisədə müvafiq olaraq 5,8%, 2,8 dəfə və 35,4% azdır.

Buna baxmayaraq, bəzi müəssisələrə əsaslı vəsait qoyuluşu kəskin artıb. Bələ ki, ötən il SOCAR Karbamid zavoduna 9,85 mln. manat investisiya yatırıb. Bu da əvvəlki illə müqayisədə 5,3 dəfə çoxdur. Bundan başqa, 2019-cu ildə Qaz İxrac İdarəsinə 91,49 mln. manat vəsait qoyulub ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur.

Qeyd edək ki, Sumqayıtda inşa edilən karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodunun ümumi dəyəri təqribən 800 mln. avro təşkil edir.