• 29 Sentyabr 2020
logo
Azərbaycan maye qazının Əfqanıstana buraxılmamasının səbəbi açıqlanıb

Azərbaycan maye qazının Əfqanıstana buraxılmamasının səbəbi açıqlanıb

SOCAR Azərbaycan maye qazının (LPG) Əfqanıstan gömrüyündə dayanmasının səbəbinə aydınlıq gətirib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Azərbaycanda istehsal olunan neft məhsulları Əfqanıstana bilavasitə satılmır və bəzən qaçaqmalçılar vasitəsilə ölkəyə daxil olur. Bu da məhsulların keyfiyyətinə və nəzarətə mənfi təsir göstərir: "Heydər Əliyev adına Neft Emalı Zavodu Azərbaycanda LPG-nin əsas hissəsini istehsal edir. İstehsal standartı 20448-2018-dir, buna görə məhsulun tərkibindəki butan ən azı 60% olmalıdır, bizim istehsal etdiyimiz LPG-də isə bu göstərici 75% təşkil edir. Lakin SOCAR özü bu məhsulun ixracı ilə məşğul olmur. Qaz yerli və xarici satışlarla məşğul olan "MəişətMayeQaz" MMC-yə satılır. Bildiyim qədər, bu şirkət özü də məhsulu birbaşa Əfqanıstana ixrac etmir, bunu ölkəyə digər dilerlər gətirir, yəni məhsul son istehlakçıya çatmamışdan əvvəl, çox güman ki, bir neçə əldən keçir".

İ. Əhmədov onu da qeyd edib ki, bu məhsul belə bir tərkiblə zavodda istehsal edilə bilməz, 0 butan tərkibli LPG yanacaq çatışmazlığı səbəbindən işləməzdi və bu, mütləq yerli istehlakçının diqqətini çəkərdi.

"Mediadakı məlumatlar natamam olduğundan ticarət şirkətləri tərəfindən Əfqanıstana göndərilən məhsulun əsas hissəsinin nədən ibarət olduğu məlum deyil. Məhsul buxarlanmaya məruz qaldığı üçün təzyiq atında möhürlənmiş sisternlərdə daşınmalıdır. Ticarət şirkətləri arasında yolda və ya əldən-ələ köçürmə zamanı məhsulun hansı şərtlərlə nəql olunduğunu və nə baş verdiyini bilmirik", - deyə İ Əhmədov əlavə edib.

SOCAR-ın rəsmisi həmçinin qeyd edib ki, bu baxımdan bir müddət əvvəl Əfqanıstan hökumətinin yüksək səviyyəli nümayəndələri SOCAR rəhbərliyi ilə görüşlərdə neft məhsullarını birbaşa SOCAR-dan almaq istədiklərini bildirib: "Onlara görə, neft məhsullarımız satıcılar və bəzən qaçaqmalçılar vasitəsilə Əfqanıstana çatır ki, bu da məhsulların keyfiyyətinə və nəzarətə mənfi təsir göstərir. Gələcəkdə Əfqanıstan tərəfi ilə birbaşa ticarət əlaqələri qurmağın perspektivi olduğunu düşünürəm. Bu halda məhsullarımız Əfqanıstana böyük ehtimalla Heydər Əliyev Neft Emalı Zavodundan çıxdıqları vəziyyətdə çatacaq".

Qeyd edək ki, Əfqanıstan sərhədində özəl yerli şirkətlərdən birinin ölkə ərazisinə gətirmək istədiyi Azərbaycan istehsalı olan 60 ədəd LPG sisterni buraxmayıb.