• 1 Oktyabr 2020
logo
OPEC-in 60 illik yubiley toplantısı pandemiyaya görə təxirə salınıb

OPEC-in 60 illik yubiley toplantısı pandemiyaya görə təxirə salınıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) katibliyi yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən təşkilatın yaranmasının 60-cı ildönümü ilə bağlı tədbiri təxirə salıb. OPEC müvafiq təkliflə İraq hökumətinə müraciət edib.

Bu barədə OPEC-in bəyanatında deyilir.

İclasın əvvəlcə sentyabr ayında Bağdadda keçirilməsi planlaşdırılırdı. Belə ki, OPEC 1960-cı ildə Bağdadda keçirilən neft konfransında təsis olunmuşdu.
İraqın Neft naziri İhsan Əbdül Cabbar OPEC-in baş katibi Məhəmməd Barkindoya bu tarixi hadisəyə bir neçə ay hazırlaşdıqdan sonra İraqın OPEC-in 60 illik yubileyinə ev sahibliyi edə bilməyəcəyi üçün məyus olduğunu bildirib və əlavə edib ki, hazırda sağlamlıq və təhlükəsizliyin hər şeydən daha vacibdir.

Öz növbəsində, Barkindo yaxın gələcəkdə bütün OPEC ölkələri ilə görüşün keçirilməsini səbirsizliklə gözlədiyini bildirib.

Xatırladaq ki, OPEC 1960-cı ilin sentyabrında Bağdadda neft konfransında beş dövlət (İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela) tərəfindən yaradılıb. Daha sonra təşkilata digər ölkələr də qoşuldu. Dünya neft hasilatının 1/3-i OPEC-in payına düşür. 2017-ci ildən bəri OPEC Rusiya və bir sıra digər ölkə ilə birgə "OPEC+" razılaşması çərçivəsində neft hasilatını tənzimləyirlər. Razılaşma təklifin həddən artıq olmasının və neft qiymətlərindəki dəyişkənliyinin qarşısını almağa kömək edir.