• 25 Oktyabr 2020
logo
Gələn il Azərbaycan dövlət büdcəsinin gəlirləri 24,3 mlrd. manatdan, xərcləri isə 25,8 mlrd. manatdan çox olacaq - PROQNOZ

Gələn il Azərbaycan dövlət büdcəsinin gəlirləri 24,3 mlrd. manatdan, xərcləri isə 25,8 mlrd. manatdan çox olacaq - PROQNOZ

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyindən verilən məlumata görə, gəlirlərin 57,3%-i və ya 13 950,0 mln. manatı neft sektorunun, 42,7%-i və ya 10 377,0 mln. manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5%-ni və ya 12 200 mln. manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5%-ni və ya 1 750,0 mln. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Qeyd edək ki, 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Xərclərin 18 106,6 mln. manat və ya 70,1%-ni cari xərclər, 5 389,1 mln. manat və ya 20,8%-ni əsaslı xərclər, 2 351,8 mln. manat və ya 9,1%-ni dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42% təşkil etməsidir. Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 mln. manat məbləğində vəsait proqnozlaşdırılıb.