Bu gündən etibarən Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu kimi 20 ildir fəaliyyət göstərən Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) üzbəüz təlimləri bərpa edib.
ABA-dan "APA-Economics"ə verilən məlumata görə, Mərkəz pandemiya səbəbindən 2020-ci ilin aprelindən etibarən tətbiq edilən sərt karantin dövründə də fəaliyyətini davam etdirib və bütün xidmətlərini aprel ayından onlayn formada təqdim etməyə başlayıb.
2020-ci ilin aprel-avqust ayları ərzində ABTC onlayn formada 18 mövzuda 24 təlim keçirib və bu təlimlərdə 466 dinləyici iştirak edib, 5 təşkilata məsləhət verib; 5 təşkilatın əməkdaşlarını psixrometrik və peşə qiymətləndirməsindən keçirib; 4 314 respondent arasında sorğu təşkil və təhlil edib.
"ABTC Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq, 1 sentyabrdan etibarən xidmətlərini həm onlayn, həm də üzbəüz davam etdirir", - deyə Mərkəzdən bildirilib.