• 18 Sentyabr 2020
logo
Azərbaycanda Aqrar Sığorta Şirkəti yaradılıb

Azərbaycanda Aqrar Sığorta Şirkəti yaradılıb

Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması üçün həyata keçirilən tədbirlər çərçivəsində mühüm addım atılıb.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, ilk dəfə olaraq ölkədə ixtisaslaşmış müştərək sığorta şirkəti – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC yaradılıb.

“Aqrar sığorta haqqında” qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarə edilməsini həyata keçirən idarəedici qurumdur.

Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək. ASC ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və şirkətin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib.

Müştərək şirkətin təsisçiləri “Paşa Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” şirkətləridir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə fondu 2 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub.

Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcək.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin yaradılmasından sonra sığorta fəaliyyəti üçün lisenziyanın əldə edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) yekun müraciət ediləcək.

Qeyd edək ki, ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan digər şirkətlər də “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər.