• 24 Oktyabr 2021
logo
Koronavirus pandemiyası səbəbindən Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 8,6% azalıb

Koronavirus pandemiyası səbəbindən Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 8,6% azalıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayı təqdim edilib. “APA-Economics”in məlumatına görə, bunu Mərkəzin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, bu ilin ilk yeddi ayı ərzində Azərbaycanın ixracı 9,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1 milyard 35 milyon dolları dəyərində ixrac reallaşdırılıb.

“Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətlə bağlı qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 98 milyon dolları və ya 8,6 faiz azalıb”, - deyə N. Hacızadə qeyd edib.

O, əlavə edib ki, bu ilin yanvar-iyul ayları ərzində Rusiyaya 418,6 milyon, Türkiyəyə 205 milyon, İsveçrəyə 107,6 milyon, Gürcüstana 84,2 milyon və Çinə 31,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin 7 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 5,7%, İsveçrəyə 21,9% və Çinə 60,9% artıb.

Bildirilib ki, 2020-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,5 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 96,5 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (70,6 milyon ABŞ dolları) üçüncü olub.

“Ümumiyyətlə, 2020-ci ilin ilk 7 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 359,6 milyon, pambıq lifi ixracı 71,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 51,3 milyon, kimya sənayesi məhsullarının ixracı 46,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 27,4 milyon, pambıq ipliyi ixracı 10,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,3 milyon, şəkər ixracı 9,3 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 13,7 milyon, çay ixracı 5,5 milyon ABŞ dolları təşkil edib”, - deyə N. Hacızadə qeyd edib.

2020-ci ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 123 milyon ABŞ dolları təşkil edib. Bu ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (48,3 milyon ABŞ dolları), Türkiyəyə (27,8 milyon ABŞ dolları), İsveçrəyə (11,5 milyon ABŞ dolları), Gürcüstana (7,5 milyon ABŞ dolları) və Çinə (3,4 milyon ABŞ dolları) ixrac edilib.

2020-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (16,4 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (12,1 milyon ABŞ dolları), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 10,7 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.