• 26 Oktyabr 2021
logo
Konstitusiya Məhkəməsi parlamentə ipoteka predmetini borc əvəzi əldə edən bankların vergi ödənişinə dair məsələni tənzimləməyi tövsiyə edib

Konstitusiya Məhkəməsi parlamentə ipoteka predmetini borc əvəzi əldə edən bankların vergi ödənişinə dair məsələni tənzimləməyi tövsiyə edib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki və Vergi məcəllələrin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Müraciətdə qeyd olunur ki, “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti (“AccessBank” QSC) “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin “AccessBank” QSC tərəfindən sadələşdirilmiş vergi ödənilmədən və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edib.

“AccessBank” QSC “İpoteka haqqında” qanuna (43.7-ci maddə) istinad edərək borcun əvəzi olaraq ona təklif olunmuş əmlakları qəbul etdiyini bildirib, hərraca çıxarılmış ipoteka predmetinin satıcısı olmadığını əsas tutaraq ondan vergilərin ödənilməsinin tələb olunmasını və bu əsasla cavabdehin həmin əmlakların onun adına rəsmiləşdirilməsindən imtinasını əsassız sayıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 dekabr 2019-cu il tarixli qətnaməsi ilə “AccessBank” QSC-nin iddia tələbi təmin edilib.

Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Vergilər Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi işə baxarkən mülki qanunvericilikdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında icra məmurunun hərrac təşkilatına verdiyi şifarişə əsasən keçirilmiş təkrar hərrac baş tutmadığı halda, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı ödəmə mənbəyində tutulması tələb olunan sadələşdirilmiş verginin ödənilməsi əsaslarını müəyyən edən hüquq normalarının qeyri-müəyyənliyi və məhkəmələrdə belə mübahisələrin həlli zamanı fərqli yanaşmaların mövcudluğunu nəzərə alaraq, vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə qaldırılan məsələ üzrə müvafiq şərhin verilməsinin zəruriliyi qənaətinə gəlib.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin - Bakı Apellyasiya Məhkəməsinin və Milli Məclisin nümayəndələrinin yazılı çıxışlarını dinləyib, Ali Məhkəmənin, Mərkəzi Bankın və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərinin yazılı mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərara əsasən, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının mümkün qədər qısa müddət ərzində tənzimlənməsi Milli Məclisə tövsiyə edilib.