• 6 Dekabr 2024
logo
“Azərbaycan” İES-də yenidənqurma gələn il yekunlaşacaq

“Azərbaycan” İES-də yenidənqurma gələn il yekunlaşacaq

Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in yenidən qurulması prosesi sürətlə davam etdirilir.
“Azərenerji” ASC-dən verilən məlumata görə, 8 enerji bloklu stansiyanın artıq beşinci, altıncı, yeddinci və səkkizinci bloklarında yenidənqurma işləri yekunlaşmaq üzrədir və təmirinə başlanacaq digər dörd enerji blokunda işlər ilin sonuna kimi yekunlaşacaq.
Paralel olaraq 500 kV-luq dörd yuvadan ibarət yarımstansiyanın üç yuvasında işlər yekunlaşıb, dördüncü yuvada isə yekunlaşmaq üzrədir. Bütövlükdə 500 kV-luq yarımstansiyada işlərin 90 faizi görülüb.
Ötən ilin iyulunda qəza baş verən 330 kV-luq yarımstansiyada isə 63 cərəyan transformatorunın artıq hamısı dəyişdirilib. Ümumilikdə 330 kV-luq yarımstansiyada işlərin yarıdan çoxu başa çatıb. Eyni zamanda 330 kV-luq yarımstansiya üçün tikilən idarəetmə mərkəzində işlər tamamlanıb və hazırda təmir edilən xətlərin mühafizə, avtomatika və idarəetməsinin mərhələli şəkildə yeni mərkəzə keçirilməsi prosesi gedir.
Bundan başqa su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərindən əhali üçün tikilən körpünün tikintisi yekunlaşır və bu günlərdə asfalt qatının vurulması prosesi həyata keçiriləcək. Həmçinin “Azərbaycan” İES-in 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekinlaşmağa doğru gedir.
Beləliklə, elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində tikinti işləri başa çatıb, son yoxlama sınaq işləri aparılır. Eyni zamanda 6 km məsafədə ərazinin hasarlanması və digər istiqamətlərdə də işlər sürətlə davam etdirilir. “Azərbaycan” İES-in yenidənqurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.