• 19 Mart 2024
logo
"Azərişıq" son aylar işıqpulunun çox yazılması ilə bağlı şikayətlərə münasibət bildirib

"Azərişıq" son aylar işıqpulunun çox yazılması ilə bağlı şikayətlərə münasibət bildirib

Əhali kateqoriyasına aid istehlakçılarda bu ilin iyun-iyul ayları üzrə elektrik enerji istehlakına görə böyük fərqlə borc yaranıb.

“APA-Economics”in məlumatına görə, bunu "Azərişıq" ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.

Onun sözlərinə görə, istehlakçılar sosial şəbəkələrdə yayılan bəzi məlumatlara inanmamalı, real problemlərlə üzləşdikləri zaman “Azərişıq”a müraciət edərək onları maraqlandıran sualları ünvanlamalıdır.

“Qeyd edim ki, 2018-də də belə şikayətlər olmuşdu, ötən il isə heç bir şikayət olmayıb. Bu il isə yenidən sosial şəbəkələrdə şikayətlər ortaya çıxdı. Statistikaya baxsaq, 2018-ci ilin iyun-iyul aylarında istehlak olunan elektrik enerjisinin miqdarında 400 mln. kilovat saatdan çox artım olub, 2019-cu ildə eyni aylar üzrə isə bu rəqəm az - 141 mln. kilovat saat olub. Lakin cari ildə iyun-iyulda 201 mln. kilovat/saat artım qeydə alınıb”, - deyə V. Nəbibəyli qeyd edib.

O, həmçinin əlavə edib ki, istehlakçıların istifadə etdiyi enerjinin artması, sayğaclarda qeydə alınan rəqəmlər onların mənzillərində quraşdırılan soyutma sistemlərinin və digər avadanlıqlarının güc, keyfiyyət, eləcə də texniki parametrlərindən bilavasitə asılıdır.

“Sayğacların çox yazması barədə deyilənlərə gəldikdə, qeyd edim ki, sayğacın istehsalçısı bu qurğuları beynəlxalq standartlarına uyğun istehsal edir. Beynəlxalq standartlarda isə qeyd olunur ki, sayğacın birləşmə yuvası, onun displey göstəricisi, ölçmə mexanizmi, kalkulyasiya bloku müdaxiləyə davamlıdır. Ora müdaxilə etmək mümkün deyil”, - deyə Vüqar Nəbibəyli əlavə edib.