• 23 Aprel 2024
logo
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə dəyəri 359 582,51 min ABŞ dolları dəyərində 353 524,58 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 4,1%, həcmi isə 2,4% artıb.

Qeyd edək ki, yanvar-iyulda Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı və alma təşkil edib.

Hesabat dövründə 166 546,43 min dollar dəyərində 153 528,46 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 18% və 15,6% çoxdur.

Cari ilin yanvar-iyul ayları ərzində 57 877,39 min dollar dəyərində (19,7% azalma) 9 398,15 ton (azalma 28,6%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 9 373,16 min dollar dəyərində 22 212,16 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 43,1%, həcm isə 44,4% azalma müşahidə olunub.