• 29 Mart 2024
logo
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,1% azalıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,1% azalıb

2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 mlrd. manatlıq, o cümlədən 11,5 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,1%, o cümlədən qeyri-ərzaq malları üzrə 7,5% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 dəfə çox olub.

2020-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1%-i ticarət müəssisələri, 50,5%-i fərdi sahibkarlar tərəfindən, 26,4%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 11,8%, fərdi sahibkarlar üzrə 0,4% artıb, bazar və yarmarkalarda isə 15,4% azalıb.

2020-ci ilin yanvar-iyul aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 306,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 164,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alınıb.