• 4 Dekabr 2020
logo
"Şahdəniz Alfa" platforması profilaktik işlər üçün müvəqqəti dayandırılıb

"Şahdəniz Alfa" platforması profilaktik işlər üçün müvəqqəti dayandırılıb

BP Şahdəniz yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, Şahdənizin illik iş proqramının bir hissəsi olaraq "Şahdəniz Alfa" platformasının və Səngəçal terminalında "Şahdəniz -1" qurğularının planlaşdırılmış profilaktik işlər proqramı bu gündən başlayıb.

“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə "Şahdəniz" yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi BP məlumat yayıb.

Plana əsasən "Şahdəniz Alfa" platformasından hasilat 2020-ci il iyul ayının 30-dan beş gün müddətinə dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.
Bu proqram normal əməliyyatların bir hissəsidir. Proqram üzrə həyata keçirilən işlər 2020-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilmişdir.

"Şahdəniz Bravo" platformasından və AÇG-nin bütün platformalarından hasilat, həmçinin Cənub Qafqaz Boru Kəməri, Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalında "Şahdəniz -2", AÇG və İlkin Neft Layihəsi qurğuları da normal işləyəcək. Qazın Cənub Qafqaz Boru Kəməri və Azərbaycanın qaz xətləri vasitəsilə bazarlara çatdırılması, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.