Ukraynanın Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Bondarenko və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova birgə investisiya layihələri, mədəniyyət və təhsil proqramları, avtomobil yollarının tikintisi və elektron idarəetmə sahəsində təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.
"APA-Economics"in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Dnepropetrovsk vilayəti Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində Avropa inteqrasiya ofisini açmağı planlaşdırır.
"Bu, mədəni ənənələrin mübadiləsi mərkəzi və xarici investisiyaları cəlb etmək üçün bir "maqnit" olacaq. Orada həmdə ayrı-ayrı sahələrdə layihələrin uğurla həyata keçirilməsini bir-birimizdən öyrənə bilərik", - Dnepropetrovsk vilayətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Səfir öz növbəsində, Azərbaycanın Ukraynanın sənaye məhsullarının, xüsusən də polad və kənd təsərrüfatı texnikalarının satın alınmasında maraqlı olduğunu vurğuladı.
"Müxtəlif sahələrdə müsbət təcrübəmizi ukraynalı tərəfdaşlarımızla bölüşməyə hazırıq. Məsələn, yol infrastrukturunun inkişafı, ekoloji proqramların icrası, əhali üçün faydalı layihələrin həyata keçirilməsi və sair", - deyə E. Axundova bildirib.
Qeyd edək ki, görüş iştirakçıları, həmçinin Azərbaycan və bölgə iqtisadiyyatına investisiyaların cəlb olunma perspektivlərini müzakirə edib.