• 8 Dekabr 2024
logo
Pomidorun qiyməti 20 faiz ucuzlaşıb

Pomidorun qiyməti 20 faiz ucuzlaşıb

Əvvəlcədən planlaşdırıldığı kimi, açıq sahədə əkilən pomidorların paytaxt, eləcə də region bazarlarına çıxarılması bu məhsulun qiymətinə təsir edib.
Bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspertin sözlərinə görə, müşahidələrə əsasən pomidorların qiymətinin 20 faizdən çox ucuzlaşıb:
“Qiymətin aşağı düşməsi açıq sahələrdə yetişdirilən pomidorların bazara kütləvi şəkildə çıxarılmağa başlanılması ilə bağlıdır. Məlum olduğu kimi, hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikirdi. Son günlər havaların nisbətən əlverişli keçməsi açıq sahələrdə məhsul yetişməsini sürətləndirib və bazara məhsul təklifi artıb. Belə ki, ənənəvi pomidor istehsalçısı olan Xaçmazdan son günlər ərzində paytaxt Bakıya və digər şəhərlərə gətirilən məhsulun miqdarında əhəmiyyətli artım müşahidə olunur. Azərbaycanda 2019-cu ildə 650 min ton pomidorun yetişdirilməsi nəzərdə tutulub. Daxili tələbatın 400 min ton olduğunu nəzərə alsaq, görərik ki, bu il üçün yetişdirilən pomidor daxili tələbatdan təxminən 50 faiz çoxdur. Bu da təbii ki, qiymətlərə təsir göstərir. Fermerlərlə apardığımız söhbətlərdən də aydın olur ki, növbəti mərhələdə daha çox sahə pomidorlarının bazara çıxarılacağı gözlənilir. Buna görə pomidorun qiymətinin daha da ucuzlaşacağı istisna edilmir”.
V.Bayramov qeyd edib ki, bu il hava şəraiti ilə əlaqədar açıq sahədə əkilən pomidorun yığımı ləngimişdi. Buna görə də pomidorun qiymətində artım müşahidə edilmişdi.