• 25 Aprel 2024
logo
Parlamentin komitə sədri: “İqtisadiyyatda keyfiyyət göstəriciləri kəmiyyət göstəricilərini xeyli üstələyir”

Parlamentin komitə sədri: “İqtisadiyyatda keyfiyyət göstəriciləri kəmiyyət göstəricilərini xeyli üstələyir”

“Böhranlar dövründə vacib olan kəmiyyət deyil, keyfiyyət dəyişiklikləridir. Böhran zamanı iqtisadi rəqəmlərin azalması heç kəsdə təəccüb doğurmur və hətta gözləniləndir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili bildirib ki, statistik rəqəmlərə görə, bu ilin 6 ayının nəticələrinə əsasən ölkədə ÜDM 2.7%, qeyri-neft ÜDM-i 2.5%, əsas kapitala yönəlmiş vəsait 2.7%, yük daşımalar 14.1%, sərnişin daşıma 28.7%, əhalinin banklardakı əmanəti 11.2%, xarici ticarət dövriyyəsi 30% azalıb. Lakin kənd təsərrüfatı istehsalı 2.2%, qeyri-neft sənayesi 11.2%, informasiya və rabitə xidmətləri 4.4%, dövlət büdcəsini gəlirləri 15.5%, əhalinin nominal gəlirlər 0.6%, kredit qoyuluşları 11.9% artıb: “Bunlar kəmiyyət göstəriciləridir. İndi isə keyfiyyət göstəricilərinə fikir verək. Ümumi iqtisadi azalma fonunda əsas istehsal sahələrində artımın davam etməsi müsbət haldır. Belə ki, qeyri-neft sənayesi və kənd təsərrüfatında artım dinamikasının saxlanması istehsal, məşğulluq və iqtisadi təhlükəsizlik baxımından mühüm göstəricidir. Eyni zamanda kənd təsərrüfatında məhsuldarlığın artması, yeni metodların özünü müsbət tərəfdən göstərməsi mühüm keyfiyyət göstəricisidir”.

Komitə sədri qeyd edib ki, digər mühüm bir keyfiyyət göstərici şəffaflaşma prosesinin getməsidir: “Elektron qaimə ilə aparılan dövriyyənin artımı iqtisadiyyatda şəffaflaşmanın əsas göstəricilərindən biridir. Son 5 ayda elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcminin 6.8% artması bu sahədə mühüm göstəricidir. Nəzərə alsaq ki, bu artım qeyri-neft ÜDM-nin 2.5% azalması fonunda baş verib, onda prosesin dinamikliyi daha çox aydın görünür. Pərakəndə ticarət dövriyyəsinin 1.7% azalmasına baxmayaraq rəsmiləşən dövriyyənin 15.3% artması iqtisadiyyatın ağarması yönümundə əsas keyfiyyət göstəricilərindən biri hesab edilməlidir”.

T. Mirkişili qeyd edib ki, 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2% artması bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm bir keyfiyyət göstəricisidir. Əmək haqqı fondunun 25% artması isə insanların sosial həyat şəraitini yaxşılaşması baxımından əsas keyfiyyət göstəricilərindən biridir: “Biznes kreditlərinin 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artması iqtisadi aktivliyin dəstəklənməsi baxımından mühüm göstəricidir. Kreditlərin 60%-dən çox hissəsinin biznes kreditlərinə yönəlməsi gələcək iqtisadi artımı təmin edəcək mühüm amillərdən biridir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkə daxili nağdsız əməliyyatların 37 faiz, elektron ticarətin 53 faiz, internet bankçılığın isə 84 faiz artması ödəmə texnologiyalarının geniş tətbiqinin mühüm keyfiyyət göstəricisidir. Beləliklə, keyfiyyət göstəricilərinin iqtisadiyyatın əsas hərəkətverici sahələrdə müşahidə olunması onu deməyə əsas verir ki, ümumi azalmalar fonunda sağlam keyfiyyət dəyişikləri iqtisadiyyatın azalmalarını kompensasiya edərək, gələcəkdə daha güclü artımın əsas dayaqları ola biləcək”.